30 mart 2011 17:49
Rauf Əliyev: Qazaxıstana uduza bilmərik
Azərbaycan yığmasının və “Qarabağ”ın forvardı Rauf Əliyev azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçikaya məğlubiyyətdən (1:4) danışıb.
- Azərbaycan yığması yenə səfərdən böyükhesablı məğlubiyyətlə qayıdır...
- Deyiləsi heç nə yoxdu. Rəqib bizdən güclü idi ki, bunu da hələ oyundan öncə bilirdik. Əgər hakim qapımıza penalti təyin etməsəydi, oyun tam fərqli də ola bilərdi.
- Penalti var idi?
- Məncə, top Rail Məlikovun əlinə dəymişdi. Amma hakim bir neçə saniyə gözlədikdən sonra nöqtəni göstərdi. Onun nəyi gözləməsi qaranlıq qaldı.
- Bəs öz oyununuz haqda nə deyə bilərsiz?
- Komanda belə hesabla uduzandan sonra bu və ya digər futbolçunun necə oynamasının heç bir fərqi yoxdu. Baxmayaraq ki, hamı kimi mən də belə böyükhesabla uduzmamaq üçün əlimdən gələni etdim.
- Klubda siz daha kəsərli oynayırsız. Amma Belçikaya qarşı hücumçunun arxasında oynayırdız. Çətin deyildi?
- İrəlidə oynamaq mənim üçün daha rahatdı. Ancaq bu, baş məşqçinin qərarı idi. Mən bunu müzakirə edə bilmərəm. Yəqin ona elə lazım idi.
- Uduzmağımıza rəğmən yeganə sevindirici məqam odu ki, artıq hər görüşdə qol vura bilirik...
- Bu müsbət göstəricidi. Ancaq bununla yanaşı həm də az qol buraxmağımız lazımdı. Bizə belə rəqiblərə qarşı oynamaq çox çətindi. Hansı ki, sürətdə bizi çox üstələyirlər.
- Belçikaya məğlubiyyətdən sonra artıq demək olar ki, biz sadəcə Qazaxıstanla qrup sonuncusu olmamaq uğrunda mübarizə aparmaq haqda düşünməliyik?
- Qarşıda bir neçə oyunumuz qalır. Hər halda qazaxlardan başqasını qabaqlamağımız gözlənilməz olacaq. Ona görə də bizim əsas vəzifəmiz qazaxlarla oyunlarda qələbə qazanmağa borcluyuq. Onlara uduza bilmərik.
