31 mart 2011 15:27
Maksim Medvedev: Qurban Qurbanova çətin olacaq
“Qarabağ”ın və yığmamızın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində zədədən döndükdən sonrakı durumundan və komandasından danışıb.
- Zədəniz hazırda nə yerdədi?
- Uzun fasilədən sonra artıq sağalmışam. Komandayla məşq edə bilirəm. “Simurq”la yoldaşlıq oyununda da forma geydim. Fikrimcə, tezliklə həm klubda, həm də yığmada oynaya biləcəm.
- Oyun zamanı zədəniz özünü göstərirdi?
- Ağrı təbii ki, vardı. Ancaq dözürdüm. Zədədən sonra bu, adi şeydi. Bu, bərpa dövrü bitənə kimi davam edəcək. Tam geri dönüşüm isə artıq mənim özümdən və orqanizmimdən asılı olacaq. Yəqin ki, 1-2 həftəyə 90-100 faiz olaram.
- Sizin yoxluğunuzu Qara Qarayev unutdurmağa çalışır...
- Əlbəttə, bu, rəqabəti də gücləndirir. Özü də o, perspektivli və gənc oyunçudu. Özünü göstərməyi də bacarıb. Hesab edirəm ki, onunla aramızda güclü rəqabət olacaq. Bu da ki həmişə lazımdı. Yəqin mən geri qayıdandan sonra Qurban Qurbanova da hansımızı seçmək baxımından çətin olacaq.
- “Neftçi” ilə qarşıdakı oyuna hazır ola biləcsiz?
- Hər ehtimala qarşı hazır olacam. Ona görə ki, bu oyun çox prinsipial xarakter daşıyır. Ancaq məni meydana buraxıb-buraxmamağa baş məşqçi qərar verəcək.
- 9 oyunluq qələbə seriyasının ardından “Qarabağ” artıq ikincidi...
- Komandamızın konkret vəzifəsi haqda heç nə deyə bilmərəm. Komandamızın qarşısına avrokuboklara düşmək tapşırığı qoyulub. Ancaq komanda oynayır, qələbə qazanır, hətta çempion da ola bilərik. Bu da bizim özümüzdən asılıdı. Əgər biz belə davam edə bilsək, niyə də birinci yeri tutmayaq?
