31 mart 2011 18:00
KÖŞƏ: Söz oyunu başqa, top oyunu başqa!
Futbolu izlədiyim 9-10 il olar. Maraqlı oyunları, demək olar ki, buraxmıram. Futbol azarkeşliyimin tarixi elə bu qədər olar, çox yox.
Sözün birini qoyub o birinə keçmək olmasın, amma bunun da öz tarixçəsi var. Bir nəfər idman jurnalistinin xahişi ilə onu ekran qarşısında tək qoymamaq üçün başladım mən də onunla bir yerdə futbola baxmağa. İlk vaxtlarda məcburi azarkeş olduğuma görə əvvəl-əvvəl oyundan heç nə başa düşmürdüm, gözüm ekranda olsa da, fikrim dağda-aranda dolaşırdı. Yalnız həmkarım oyunun gərgin anlarına uyğun olaraq, məndən həya eləyib, söyüşü birinci hecadan kəsəndə və ya «Yes!» deyib bağıranda (daha “ura” demirlər axı) fikrimi ekrana yönəldirdim. Beləcə, günlər, aylar, illər, oyunlar, çempionatlar, kuboklar, birinciliklər keçdi və günlərin bir günündə ayılıb gördüm ki, mən də futbola yoluxmuşam. Daha ekran qarşısında xahişsiz-filansız, özüm könüllü şəkildə otururam. Neçə illik müşahidə tarixçəmin hesabına hətta oyunu başa da düşürəm, ən azı, buna cəhd göstərirəm. Müxtəsəri, baxdım ki, artıq futbol barədə müəyyən təsəvvürüm var, tamaşaçı səviyyəsindən o tərəfə keçməsə də, hər halda müstəqil fikir deyə bilirəm.
Problem də elə bundan başladı. Bax onda gördüm ki, Avropa, lap elə Asiya olsun, futboluna baxandan sora öz oyunlarımıza baxa bilmirəm. Bu hiss mənə tanış idi. Vaxtilə xarici ədəbiyyatı oxuyandan sonra öz yazıçılarımızın yazdıqlarını oxumaq mənimçün əziyyətə çevrilmişdi. Zaman keçdi və öz ədəbiyyatımıza olan bu münasibətim bir qədər yumşaldı. Bu yumşalmanın kökündə o dayandı ki, biz sözə yaxın adamlarıq, nəyə də çatmasa, söz deməyə qabiliyyətimiz çatır. Həm də ki, aşağıdan tutmuş yuxarıyadək, sözün birbaşa və məcazi mənasında, hamı ağız ədəbiyyatı yaratmaqla məşğuldu - bütün sahələrdə, istənilən mövzuda bu gün folklor nümunələri yaranmaqdadı.
Bəli, biz söz oynatmağı bacarırıq, amma TOP oynatmağı yox! Bizim oyunlara baxanda adama elə gəlir ki, kimsə məhz bu fikrin acığına, bunun yanlış qənaət olduğunu sübut eləmək üçün, yay bilmir, qış bilmir, bu qədər kişini meydana qovur. Qovur, qoy qovsun, yenə də özü bilər, amma bunun ətrafında bu cür hay-küy salmaq, mif yaratmaq, topqovmağı bizimkilərə öyrətmək üçün ətək-ətək pul verib gətirdikləri məşqçiləri, ortalıqda hələ heç nə yoxkən, onları dağ başına qoymağın izahı necə olsun - bax bunu başa düşmürəm. Maraqlıdı - Azərbaycanda futbolun olmağı və ya olmamağı nəyi həll edir axı? Cəmiyyətin həyatında, əhalinin rifahı, mədəni, sosial səviyyəsinin yüksəlişində, irili-xırdalı bütün sahələri daxil olmaqla, bütövlükdə Azərbaycan deyilən bir məkan üçün FUTBOL belə taleyüklü məsələdi yəni? Başa düşmürəm - Azərbaycanda balet oynamağı bacarmırlar - bu, nəyi dəyişir ki?
Son illər bəzi klubların nəzdində futbol məktəbləri yaradılıb, ölkənin ayrı-ayrı bölgələrindən uşaqları yığıb, onlara kiçik yaşlarından bu işin nəzəriyyəsini, sivil səviyyəsini öyrətməyə başlayıblar. Olsun - bunu inkişafa doğru addım kimi qəbul eləmək olar. Amma bu da 3-5 ildən sonra böyük nəticələr gözləməyə əsas vermir axı…
Burda məsələ başqadı. QƏLƏBƏYƏ gedən yol özünüsevərlikdən başlayır. Cəbhədə uduzmuş xalq heç vaxt meydanda qalib ola bilməz! Onun millətinin xəyanətlərlə dolu keçmişi, sındrılmış qüruru, alçaldılmış mənliyi, tapdanmış ləyaqəti buna imkan verməz. Ən azı, meydanda qələbə qazanmaq üçün onun içində milli təpər, müqavimət olmalıdı - bu isə göydən düşmür. Bu psixoloji amil soyuqqanlı avropalı üçün onuncu dərəcəli ola bilər. Amma bir kəlmədən ötrü canını fəda eləməyi bacaran bizlər üçün, üzə vurmasaq da, bu, əsas amillərdən başlıcasıdı. Öz gücünə inanmaq. İnsan öz gücünə inananda, məğlubiyyət acısını boğanda qalib olur - daha buna yazıq Berti Foqts neyləsin…
Nüşabə Hüseynli
