31 mart 2011 18:11
Bakı`nı yenə Uinston Parks cəzalandıracaq?
Premyer Liqanın bu həftə baş tutacaq 25-ci turunda “Xəzər Lənkəran” səfərdə “Bakı”nın qonağı olacaq. Azerisport.az xəbər verir ki, “zolaqlılar” hazırda rəqibindən fərqli çempionluq uğrunda mübarizə aparmasa da, qarşılaşma kifayət qədər prinsipial əhəmiyyət daşıyır.
Ötən tur “Neftçi” ilə oyunda xal itirən “Xəzər Lənkəran” ilk pillədən 4 xal geri qalır və bu fərqi aradan qaldırmaq üçün hər oyundan maksimum istifadə etməyə məcburdu. “Bakı” isə hazırda 6-cı pillədə qərarlaşıb və XL-dan 14 xal geridədi. Turnir cədvəlində irəliləmək perspektivinin o qədər də çox olmamasına rəğmən, “zolaqlılar” qış fasiləsindən sonra keçirdiyi oyunlarda daha yaxşı təsir bağışlayır.
Bu iki komanda həmçinin Azərbaycan Kubokunun yarımfinalında da üz-üzə gələcək. Bu baxımdan çempionatda qazanılan uğurlu nəticə kubok oyunları öncəsi psixoloji üstünlük anlamına da gəlir.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Bakı” ilə bu mövsüm iki dəfə qarşılaşıb və hər iki oyun eyni hesabla başa çatıb – 1:1. Həm Lənkəranda, həm Bakıda keçirilən oyunlarda cənubluların qolunu Uinston Parks vurub. Lakin bu futbolçunun qənim kəsildiyi “Bakı” da bu mövsüm onun komandasının qapısından ilk qol keçirən komanda kimi yadda qalıb.
Bu mövsüm “Xəzər Lənkəran” səfərdə keçirdiyi çempionat oyunlarında 6 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə məğlub olub. Komandamız hazırki mövsümdə çempionat və kubokda 4 dəfə Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirib və bu oyunların heç birində məğlub olmayıb. “Bakı”nın ev oyunlar statistikası isə belədi – 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət.
“Xəzər Lənkəran” və “Bakı” bu tura kimi eyni sayda qol vurublar – 29. Lakin buraxılan qollara görə XL-ın göstəricisi daha yaxşıdı – 14 qol. Rəqibdə isə bu göstərici 23-dü. Eyni zamanda, nəzərə almaq lazımdı ki, keçirilmiş son altı oyunda “Bakı” cəmi 3 dəfə qapısında qol görüb, həmçinin bu komanda son 10 turda yalnız bir oyunda bir qoldan artıq vurmağı bacarıb.
Bu günə kimi “Xəzər Lənkəran” çempionatlarda 7 dəfə “Bakı” ilə səfərdə qarşılaşıb. Bu qarşılaşmaların yalnız ikisində məğlub olan cənublular, 4 dəfə heç-heçə oynayıb və bir dəfə qalib gəlib. Ötən mövsümə təsadüf edən bu qələbə böyük hesablı olub – 3:0.
