1 aprel 2011 00:01
“Millinin Avropada yaxşı oynaması üçün sabit komanda formalaşmalıdı”
“Bakı”nın və Azərbaycan futbolunun ən təcrübəli futbolçularından biri olan Mahmud Qurbanov Premyer Liqanın qarşıdakı turunun “Xəzər Lənkəran”la qarşılaşması, Azərbaycan çempionatlarında keçirmək üzrə olduğu yubiley oyunu və millinin son qarşılaşması barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Xəzər Lənkəran”a qarşı oyun ağır və maraqlı alınacaq. Rəqibimiz çempionatın liderlərindən olsa da, hər oyunda olduğu kimi meydana yalnız qələbə üçün çıxacağıq. “Bakı” azarkeşlərinə futbolçular adından minnətdarlığımı bildirirəm ki, hər oyun bizə dəstək olurlar. “Xəzər Lənkəran”a qarşı oyunda da onlardan dəstək gözləyirəm. Azərbaycan çempionatları tarixində 400 oyun oynamaq azdı. “Xəzər Lənkəran”a qarşı keçirilən oyunda forma geysəm, futbolçu karyeramda əlamətdar bir gün olacaq. Bu günə qədər iştirakçısı olduğum 399 oyunun hər birinin mənim üçün önəmi, xatirəsi var”.
Mahmud millimizin Belçika qarşısında aldığı 1:4 hesablı yenilgiylə də bağlı fikirlərini bildirib: “Türkiyə ilə oyunda qələbədən sonra millidə ruh yüksəkliyi var idı. Amma Belçika səfəri göstərdi ki, hələ boşluqlar çoxdu. Millinin Avropada yaxşı oynaması üçün sabit oyun göstərən komanda formalaşmalıdı, bununla bərabər futbolçularımız ustalıq səviyyəsini artıqmaq üzərində yorulmadan işləməlidilər”.
