1 aprel 2011 13:38
Mahir Şükürov Anji`dən kənarlaşdırılıb?
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” komandasından kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, bir müddət öncə zədəli olduğu üçün heyətdən kənarda qaldığı iddia olunan futbolçunun adı artıq Mahaçqala klubunun əsas və əvəzedici heyətinin siyahısından da çıxarılıb.
Bu isə, futbolçunun “Anji” ilə problemlərinin daha ciddi olduğunu bir daha sübut edir. Məlumata görə, Şükürov heç yığmamızın Belçika ilə oyunundan sonra Mahaçqalaya yollanmağa da ehtiyac duymayıb.
Tərəflər arasındakı bu anlaşılmazlığın əsl səbəbləri qaranlıq qalarkən, onların problemlərini necə yoluna qoyacağı da maraqla gözlənilir. Güman ki, yolların ayrılmasına qərar verilsə, Mahirin klubu ilə münasibətlərinin niyə pozulmasının da bütün səbəbləri aydınlaşmış olar.
