1 aprel 2011 15:12

Elxan Məmmədov: Foqts məğlubiyyətdən nəticə çıxarmalıdı

AFFA-nın baş katibi Elxan Məmmədov müsahibəsində millimizin AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyunundakı məğlubiyyətdən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir. 

- Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Belçika yığması ilə oyunu barədə nə deyə bilərsiniz?
- Bu qarşılaşmadan əvvəl təşkil edilmiş təlim-məşq toplanışına əsaslanıb demək olardı ki, komanda oyuna hazırdı. Lakin futbolda heç də həmişə hər şey planlaşdırılan kimi olmur. Futbolla yaxından maraqlananlar hansı rəqibə qarşı oynadığımız barədə məlumatlıdırlar. Bugünkü Belçika millisi bir müddət əvvəlki Belçika yığmasından çox fərqlənir. Heç kimə sirr deyil ki, bu yığmanın üzvləri Avropanın tanınmış klublarında – «Mançester Siti», «Bavariya», «Ayaks», «Anderlext» və s. – çıxış edirlər. Rəqibin güclü olmasına baxmayaraq, futbolçularımız birinci hissənin ilk 30 dəqiqəsində baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyi bacardılar. Hətta qol buraxdıqdan cəmi 4 dəqiqə sonra millimiz bütün komanda ilə hücuma keçərək hesabı bərabərləşdirdi. Səfər oyununda rəqib qapısından cavab topu keçirmək özlüyündə çox müsbət haldır. Təəssüf ki, millimizin qapısına təyin olunan penaltidən sonra oyunun axarı dəyişdi.
 
Belçika yığması ilə oyun, ümumilikdə, Azərbaycan futbolunun inkişaf prosesində bir epizoddur. Türkiyə millisi üzərində qazanılmış qələbə də bu prosesin digər epizodlarından biri idi. Lakin bu qələbə barədə düşüncələrlə yaşamaq lazım deyil. Hər şeyə real baxmalıyıq. Millinin hər oyunu nəinki bu komandanın, ümumilikdə, bütün yaş qruplarından ibarət yığmaların məşqçi korpusu tərəfindən təhlil olunur, lazımi nəticə çıxarılır. Bir məsələni də qeyd etmək lazımdır ki, Belçika yığması ilə oyun ərəfəsində millimizin bir neçə üzvünün zədəli olması heyətin müəyyənləşdirilməsinə mənfi təsir göstərdi. Unutmayaq ki, Belçika yığması qrupda ikinci yeri tutmaq uğrunda mübarizə aparırdı və hələ ki buna nail olmaqdadır.
 
- Belçika – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Berti Fotqs, lazım gələrsə, istefa verə biləcəyini bildirdi. Baş məşqçinin bu açıqlamasına AFFA rəhbərliyinin münasibəti necədi?
- Bildiyiniz kimi, Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi vəzifəsində müqaviləsinin müddəti AÇ-2012-nin seçmə mərhələsinin sonuna qədərdir. Ötən seçmə mərhələnin yekununda Berti Foqts AFFA rəhbərliyinə hesabat təqdim etmiş və onunla müqavilənin müddəti artırılmışdı. Çünki ötən dövr ərzində millimizin, az da olsa, müsbət rekordlara imza atdığı, FİFA-nın reytinq cədvəlində irəliləyiş olduğu müəyyənləşmişdi. Bununla bağlı millinin üzvlərinin də fikirləri öyrənilmişdi. Yeri gəlmişkən, hesablamalarımıza görə, millimiz FİFA-nın növbəti reytinq cədvəlində təxminən 108-ci pilləyə qədər geriləyə bilər. Berti Foqtsun istefası məsələsinə gəlincə, AFFA rəhbərliyi indiki dövrdə bu məsələnin müzakirə olunmasını zəruri saymır. Hələ seçmə mərhələ başa çatmayıb, millinin qarşıda 6 oyunu var və düşünürəm ki, belə məqamda hər hansı emosional qərar çıxarmaq düzgün olmazdı. Buna baxmayaraq, baş məşqçi məğlubiyyətdən nəticə çıxarmalıdı.
 
- Qarşıdakı oyunlarda uğursuzluqların qarşısını almaq üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulub?
- Milli komandanın üzvləri bir daha anladılar ki, hər bir oyuna məsuliyyətlə yanaşmaq lazımdır. Futbolçular hansı rəqibə qarşı oynadıqlarından asılı olmayaraq, yüksək əzmkarlıq göstərməli və maksimum bacarıqlarını nümayiş etdirməlidirlər. Əlbəttə, hansısa oyunda bunlar alınmaya bilər, çünki bu, futbolda baş verməsi ehtimal olunan haldır. Amma bütün hallarda komandanın oyununda stabillik olmalıdır. Əsas məqsədimiz bu stabilliyin yaradılmasıdır. Bunun üçün isə çox vaxt tələb olunur.
 
- 21 yaşadək futbolçulardan ibarət yığmamızın Rusiya U-21-ə böyük hesabla məğlub olması da futbol ictimaiyyətinin və azarkeşlərin narahatlığına səbəb olub. Bu oyunda qeyd alınan nəticə ilə bağlı nə deyə bilərsiniz?
- Təxminən 2 il əvvəl apardığımız təhlillər zamanı müəyyən etmişdik ki, Azərbaycanda 1990 və 1991-ci il təvəllüdlü futbolçular çox azdır. Hətta həmin dövrdə bizim müsahibələrimizdə də bu fakt öz əksini tapmışdı. Bunu nəzərə alaraq, U-17 liqasını, habelə daha aşağı yaş qruplarına daxil olan uşaqların mütəmadi qaydada futbol oynamasını təmin etmək məqsədilə U-15, U-14 və U-13 liqasını yaratdıq. Bu amil kütləviliyin təmin olunmasına müsbət təsirini göstərir. Artıq 1992-ci ildə və daha sonrakı illərdə anadan olmuş futbolçuların sayında çətinliklərlə üzləşmirik. Eyni zamanda bu liqalarda oyunların keçirilməsi yığma komandalar üçün seçim imkanını genişləndirir, həmçinin məşqçilər üçün yeni iş yerləri yaradılır. Lisenziyalaşdırma standartlarına uyğun olaraq, bütün klubların müvafiq yaş qrupundan ibarət komandasının yaratdığımız liqalarda iştirakı vacibdir.
 
U-21-in Rusiya yığmasına biabırçı məğlubiyyəti ötən illərdə apardığımız təhlillərin sübutudur. Təəssüf ki, futbolda 10-20 illik inkişaf yolunu 3-4 ilə keçmək mümkün deyil. Çox yaxından izlədiyimiz və azarkeşlik etdiyimiz Türkiyə futbolunun inkişaf prosesinə nəzər salmaqla buna bir daha əmin ola bilərik. 1985-ci ildən 2000-ci ilə qədər Türkiyə futbolu keçid dövrünü yaşadı. Böyük uğurlar isə bundan sonra qazanılmağa başladı. Hazırda biz də keçid dövründəyik. Bir məsələni də qeyd edək ki, millimizin bir uğurlu nəticəsi azarkeşlərimizdə artıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ümidi yaradır. Bir tərəfdən bu, müsbət haldır və azarkeşlərin millimizə inamının təzahürüdür. Digər tərəfdən isə, uğursuzluq böyük məyusluq yaradır. Millimizdə hələ də səfər oyunları sindromu var və bunu qısa müddət ərzində aradan qaldıra bilmərik. Məhz buna görə son 3 ildə yoldaşlıq oyunlarının əksəriyyəti səfərdə keçirilib. Bununla belə, hər oyunda müsbət nəticəyə inanmalıyıq və futbolçular uğur qazanmaq üçün meydanda bacarıqlarını maksimum sərf etməlidirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.