1 aprel 2011 17:58

Daha bir futbolçumuzun legioner həyatı sona çatdı

Daha bir futbolçumuzun legioner həyatı sona çatdı. Azerisport.az xəbər verir ki, bu gün yayılan əksər xəbərlər 1 aprel zarafatı kimi qəbul edilsə, inandırıcı görünməsə də, Mahir Şükürovla bağlı yayılan xəbərlər doğru çıxdı.
 
Bəli, milli komandamızın aparıcı üzvlərindən sayılan, bu il Rusiya Premyer Liqasında daha uğurlu çıxışını izləyəcəyimizə ümid etdiyimiz Mahir Şükürov artıq “Anji”nin üzvü deyil.
 
Qeyd edək ki, Mahir Mahaçqala klubuna hələ ötən mövsümün startına keçmişdi. Hansı ki, o vaxtlar qarşısında ciddi məqsədləri olmayan komandanın heyətində həmyerlimizin necə özünü göstərəcəyi maraqla gözlənilirdi. Ötən mövsümün sonuna kimi Mahir aparıcı əsas heyət üzvlərindən birinə çevrilə bilməsə də, hər halda az oyunda iştirak etmədi. Buna bəzən zədə səbəb olurdusa, bəzən də baş məşqçi Hacı Hacıyev futbolçudan razı qalmamıdığı üçün meydana buraxmırdı.
 
Mövsümlərarası fasilədə “Anji”də çox dəyişiklik oldu. Xüsusilə gedənlərin çox olması həm sevindirici idi, həm də düşündürməyə əsas verirdi ki, Mahiri də heyətdən çıxararlar. Lakin futbolçu özü açıqlamalarından başqa klublardan təklif almasına rəğmən, komandada qalmaq istədiyini deyirdi. Axı elə baş məşqçi də məhz saytımıza müsahibələrində hər dəfə Mahirin onun üçün lazımlı futbolçu olduğunu bəyan edirdi. Bu üzdən də inam var idi ki, Mahir bu mövsüm daha uğurlu çıxış etməklə, “Anji”nin aparıcı üzvlərindən birinə çevriləcək.
 
Buna zəmin yaradan başqa amillər də var idi. Məsələn, yığmamızın keçmiş üzvlərindən olan Emin Ağayev “Anji”də seleksiyaçı-məşqçi kimi təyinat almışdı. Bundan əlavə millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun bu komandaya gəlişini Şükürov baxımından da əlverişli olacağını hesab edənlər daha çox idi. Axı hər halda Hacıyevin sağ qoluna çevrilən Vaqif Sadıqov Mahirlə baş məşqçi arasında da münasibətləri tənzimləyə bilərdi. Hansı ki, ona qədər bu vəzifəni yerinə yetirən Andrey Qusinlə Şükürov yola getmirdi və millimizin üzvünün komandada qalmasına kömək edən əsas amillərdən biri də həmin məşqçinin Ukraynada işləməyə üstünlük verməsi idi.
 
Bütün bunlardan sonra hər şey öz qaydasında idi. “Anji” Mahaçqaladakı ilkin, həm də Türkiyənin Antalya şəhərindəki əsas hazırlıqlara başlayanda Mahir də komanda yoldaşları ilə birgə idi. Hətta Hacı Hacıyev Mahiri yoldaşlıq oyunlarında əsas heyətdə meydana buraxanda da artıq ona əsas oyunçu gözü ilə baxdığını düşünürdük. Lakin bir ara Mahirin yoldaşlıq oyunlarındakı iştirakı dayandı. Əvvəlcə bunu onun zədəli olması ilə əlaqələndirdilər. Lakin az sonra, daha doğrusu Rusiyada mövsümün startına çox az vaxt qalmış Şükürov əvəzedici komandanın heyətində Türkmənistana turnirə göndərildi. Halbuki, həmin vaxt əsas heyət Roberto Karlos başda olmaqla bir sıra ulduzların da iştirakı ilə Antalyada hazırlıqlarını davam etdirirdi.
 
Elə nə baş vermişdisə, məhz o dövrdə oldu və Mahiri bir daha “Anji”nin əsas heyətində görə bilmədik. Şükürovun Mahaçqala klubu üçün son xidməti isə əvəzedicilərin heyətində Türkmənistandakı turnirdə azacıq top qovması oldu. Elə həmin dövrdə hətta Mahirin sevimli nömrəsinin (4) yeni gələn Aleksey İqoninə verilməsi də az şeydən xəbər vermirdi. Beləcə həmyerlimiz artıq Mahaçqala klubunda qalmağın onun üçün mənasız olduğunu tam dərk etmiş oldu.
 
Tərəflər arasındakı əsas problemin mənbəyi hələ də qaranlıq qalır. Ola bilər ki, komandaya gətirilən yeni ulduzlardan sonra baş məşqçi Mahirə ehtiyac duymayıb. Lakin istənilən halda o, belə olacağını öncədən bilə və Şükürova özünə yeni klub axtarması üçün xəbərdarlıq edə bilərdi. Çünki Hacıyev söz düşəndə Azərbaycan futbolunun, yığmasının inkişafından da ağızdolusu danışır. Ən azı bunu birgə çalışdıqları Vaqif Sadıqova hörmət əlaməti olaraq edə bilərdi. Lakin o da mümkündü ki, problem elə Mahirin özündə olsun və o hansısa hərəkəti, sözü ilə məşqçilər korpusunu özündən belə küsdürüb ki, sonda da belə aqibətlə üzləşdi.
 
Hər halda əsl səbəbin mahiyyətindən asılı olmayaraq bir gerçək var: Artıq Mahir millinin düşərgəsindən qayıtdıqdan sonra Mahaçqala getməyib və Bakıda fərdi hazırlıq keçir. Onun “Anji” ilə problemlərini tam şəkildə necə həll edəcəyi və karyerasını harda davam etdirəcəyi isə maraqla gözlənilir. Hansı ki, bunun üçün ən azı mövsümün sonunu gözləməli olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.