1 aprel 2011 20:35
Mirça Rednik də Berti Foqtsa “ilişdi”
Premyer Liqanın qarşıdakı turunun “Bakı” ilə oyuna hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bugün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Elnur Allahverdiyev, Julius Vobay və Aleksandr Pitsurka istisna olmaqla heyətin bütün digər oyunçular məşqdə iştirak ediblər.
Milli yığmanın düşərgəsindən qayıdan Kamran Ağayev və Rahid Əmirquliyev də məşq edən oyunçuların sıralarında olub. Məşqdən sonra komandanın baş məşqçisi Mirça Rednik bir neçə sualı cavablandırıb.
- Ümumilikdə sabahkı oyun haqqında fikirlərinizi bilmək istərdik.
- “Bakı”nın iki son oyununu izləmişəm. Məşqçi dəyişikliyindən sonra onların oyununda inkişaf var, daha təşkilatlanmış şəkildə oynayırlar. Lakin bizim bu dəqiqə turnir vəziyyətimiz elədi ki, yalnız qələbəyə oynamalıyıq. Əgər çempion olmaq istəyiriksə, digər variantı nəzərdən keçirə bilmərik.
- “Neftçi” ilə ilin ilk oyunundan sonra komandanın 60 faiz hazır olduğunu söyləmişdiniz. Bəs hal-hazırda vəziyyət necədi?
- İndi 100 faiz hazır olduğumuzu deyə bilərəm. Amma mən son iki oyunda cəmi bir xal qazanmağımızdan çox narahatam. Komandanın oyununda anlaşma normal səviyyədədi və biz bunu daha da mükəmməl səviyyəyə çatdırmalıyıq. Ümid edirəm ki, məhz sabahkı qarşılaşmada yaxşı oyunumuzu göstərə biləcəyik.
- Yığmamızın son görüşü barədə nə deyə bilərsiniz? Futbolçularınızın o oyundakı çıxışından nə dərəcədə razı qaldınız?
- Ümumiyyətlə, oyunun belə nəticələnməsi məni təccübləndirir. Azərbaycan oyunçuları kifayət qədər keyfiyyətə malikdirlər. Oyunçuların belə səfər oyunlarına xüsusi köklənməsi lazımdı, daha da ciddi münasibət tələb olunur. Komanda risk etməyə hazır olmalıdı, həddindən artıq ehtiyatlı oynamaq olmaz.
Öz oyunçularımdan isə razı qaldım. Kamran da, Rahid də yaxşı oyun keçirdilər. Sadəcə Rahidin mövqeyi barədə seçimlə razı deyiləm. O yarımmüdafiənin sağında qərarlaşmışdı, amma düşünürəm ki, bu onun üçün çətinliklər yaradır və Rahidin göstəriciləri orada çıxış etməyə imkan vermir. Fikrimcə, onun üçün ən yaxşı mövqe məhz mərkəzdi.
- Zədəli Elnur Allhaverdiyevin əvəzinə hansı futbolçunun oynayacağını dəqiqləşdirmisinizmi?
- Hələ dəqiq qərar verməmişəm. Müxtəlif variantlar var. Məsələn, Muşat sol cinahdan əlavə sağda da oynaya bilir. Muşat sağda oynasa, Simao sol cinahda qərarlaşacaq. Ola bilsin ki, Kyaku həmin mövqedə oynasın. Bir sözlə, dəqiq qərar sabah veriləcək. Bundan əlavə Vobayla bağlı problemimiz var. O, beş gün əvvəl milli komandasının düşərgəsinə yollanmışdı və yalnız bu gün axşam bizə qoşulacaq. Bu səbəbdən onun sabah oynaması sual altındadı.
Mənbə: Klubun rəsmi saytı
