2 aprel 2011 14:15
Rail Məlikov: Əminəm ki, Qarabağ da belə səhvlər buraxacaq
Yığmamızın üzvü, “Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az saytına müsahibəsində Premyer Liqanın qarşıdakı turunun “Qarabağ”la oyunundan və çempionluq şanslarından danışıb.
- Bu tur komandanızı çətin oyun gözləyir...
- Bizim onsuz da çətin olmayan oyunumuz qalmayıb. Bu oyun isə ümumiyyətlə vacib əhəmiyyət daşıyır. Çünki rəqibimiz bizim yerimizə göz dikib. “Neftçi” ilə “Qarabağ” ilk çempionatdan bəri qarşılaşırlar. Bizim onlarla oyunlarımız əsl derbidi. Çünki “Qarabağ” həmişə əsas rəqiblərimizdən olub.
- Artıq “Xəzər Lənkəran”ı özünüzə rəqib görmürsüz?
- Sadəcə biz, ağdamlıları çempionluq yolunda özümüzə daha təhlükəli rəqib hesab edirik. Mütləq bu komandaya qalib gəlmək lazımdı. Bu, bizim özümüzü birinci pillədə daha rahat hiss etməyimizə şərait yaradacaq.
- “Neftçi” demək olar ki, bütün mövsüm boyu liderlik edib. Əgər sonda bu mövqeyinizi qoruya bilməsəz, necə olacaq?
- Bu haqda heç düşünmək də istəmirəm. Bu mövsüm biz ancaq çempionluğa layiqik.
- Amma rəqib bu oyuna əla motivasiya ilə çıxacaq. Çünki onlar aradakı xal fərqinin 7-yə çıxmasına yox, 1-ə enməsinə nail olmaq istəyir...
- Bizim də eyni motivasiyaya malik olduğumuzu deyə bilərəm. “Neftçi” də başa düşür ki, əgər uduzsa, şanslarını zəiflədə bilər. Amma əgər udsaq belə, “Qarabağ” yenə sona kimi mübarizəsini davam etdirəcək. Onların 9 oyunda ardıcıl qələbə qazanması təsadüfi deyildi. Hər komanda belə seriya yaxalaya bilmir. Məhz bu amil bir daha göstərir ki, rəqibimiz necə güclüdü.
- Deməli, siz həm də onların bu seriyasını qırmalısız...
- Bizi onların seriyası elə də maraqlandırmır. Hazırda ancaq öz vəzifəmizi düşünürük. Amma təbii ki, onların seriyasına son qoymağımız bizim üçün yaxşı olacaq. Qoy güclü qalib gəlsin. Ümid edirəm ki, o güclü də biz olarıq.
- “Neftçi” bu oyunda rəqibini məğlub etmək üçün nə etməlidi?
- Ötən il olduğu kimi, komanda oyunu sərgiləməklə. Hücumlar təşkil etməliyik, “Qarabağ”ın müdafiəsində boşluqlar axtarmalıyıq. Yəqin ki, bu, onlarda var. Hər komandada səhvlər olur. Əminəm ki, “Qarabağ” da belə səhvlər buraxacaq. Qalır bizim həmin səhvlərdən yararlanmağımız. Əgər qələbə qazanmaq istəyiriksə, buna borcluyuq.
