2 aprel 2011 11:36
Zaur Məmmədov: Futbolçularımız da bilir ki, bunlar hamısı cəfəngiyyatdı
“Simurq”un prezidenti Zaur Məmmədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “Turan”la vacib oyunu və komandanın gələcəyi ilə bağlı danışıb.
- “Turan”la oyunun hazırlıqları necə gedir?
- Hazırlıq yüksək səviyyədə davam edir. “Neftçi” ilə yoldaşlıq oyununda qeydə alınan qələbə uşaqları ruhlandırıb. Bu, bizim gənc oyunçular üçün əlavə bir motivasiya oldu. Komandada meydana çıxmaq və rəqiblə axıra kimi döyüşmək üçün böyük istək var.
- Bu qarşılaşma elitada qalmaq yolunda həlledici ola bilər?
- Belə oyunları adətən “altı xallıq” adlandırırlar. Bu oyun həm “Turan”, həm də komandamız üçün eyni dərəcədə vаcibdi. Oyunçularımız matçın necə ciddi əhəmiyyət daşıdığını 100 faiz başa düşürlər. Fikrimcə, biz istəyimizə çatacağıq.
- Əgər “Simurq” Premyer Liqadakı yerini qorumasa, reqlamentdə hansısa dəyişikliklər sayəsində elitada qalacağınıza inanırsız?
- Bunu klublar həll etmir. Biz istəyirik ki, Premyer Liqada qalmağı özümüz təmin edək. Buna layiq olduğumuzu isbatlayaq. Daha reqlamentin dəyişməsi sayəsində yox.
- Mətbuatda bir çox informasiyalar yayılmağa başlayıb. Guya, “Simurq” sponsorsuz qala və sonda dağıla bilər...
- Bu sual mənə ilk dəfə verilmir. Bu, sadəcə klubumuza qarşı aparılan bir təxribatdı. Bu, heç vaxt ola bilməz. Biz klubu ona görə yaratmamışıq ki, sonra ondan imtina edək. İnkişaf etmək lazımdı, daha imtina etmək yox. Klub rəhbərliyi növbəti mövsümə ciddi hazırlaşır. Hazırkı söz-söhbət isə “Turan”la oyun öncəsi ucuz gedişlərdi.
- Bununla onlar nəyə nail olmaq istəyirlər ki?
- Futbolçu eşidəndə ki, sponsoru ondan imtina edəcək, özünü belə vacib oyun öncəsi necə hiss edə bilər? Bu sadəcə komandanı zəiflətməyə, ruhdan salmağa hesablanmış xüsusi addımlardı.
- Siz bu təzyiqlərə qarşı hansısa addım atmısız?
- Futbolçularımız onsuz da gözəl başa düşürlər ki, bunlar hamısı cəfəngiyyatdı.
- Komanda bu vəziyyətdən çıxa biləcək?
- Hazırkı heyətimiz nəticə qazanmağı çox istəyir. Komandanın sükanı arxasında təcrübəli məşqçi çalışır. Belə təcrübəli mütəxəssis mütləq bu çətin vəziyyətdən çıxış yolunu tapmalıdı. Qyoko Haciyevski bizim əsas silahımızdı. İnanıram ki, o, komandanı xilas edə biləcək. Bu, onun karyerasında bir üstəgəl olacaq.
- Bəzi oyunlarda komandanız heç də pis futbol sərgiləmir. Məsələn, “Neftçi” üzərində qazanılan son qələbəniz də bunu sübut edir...
- Qışda biz komandaya təcrübəli futbolçular da çağırdıq ki, balans yaradaq. Amma gənclərimiz formada olduğu bir vaxtda, yeni gələnlər formada deyildi. İndi isə vəziyyəti kifayət qədər fərqli və daha yaxşıdı.
