3 aprel 2011 03:09
Joze Mourinyonun 9 illik möhtəşəm seriyasına son!
İspanya La Liqasının 30-cu turunda Madrid “Real”ı “Santyaqo Bernabeu”dakı “Sporting”lə dueldə ağır zərbə almış oldu. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin çempionatın sonuna 8 tur qalmış aldığı minimal hesablı yenilgi həm də baş məşqçi Joze Mourinyonun məşqçilik karyerasına qara hərflərlə düşdü.
Məsələ burasındadı ki, Mourinyonun 2002-ci ildən bu yana çalışdırdığı komandaların heç biri evdə uduzmurdu. Lakin “Sporting”lə görüş portuqaliyalının 9 illik möhtəşəm seriyasının da sonu oldu. Mourinyonun çalışdırdığı komandaların yenilməzlik seriyası düz 150 matçdan sonra yerlə bir oldu.
Joze Mourinyonun çalışdırdığı klublardan sonuncu dəfə öz evində uduzan isə “Porto” idi. 2002-ci ildə “Beira-Mar”a qarşı alınan 2:3 hesablı yenilgi bu dəfə 0:1-lə davam etdi. Amma düz 9 illik fasilə ilə.
Portuqaliyalı mütəxəssisin çalışdırdığı komandaların ev oyunlarındakı performansları isə belədi: “Porto” ilə 36 qalibiyyət, 2 heç-heçə, “Chelsea” ilə 46 qələbə, 14 bərabərlik və “Inter” ilə 29 qələbə, 9 heç-heçə. “Real”la “Bernabeu”da oynadığı son 14 matçı da qələbə ilə başa vurmuşdu.
