3 aprel 2011 18:28
“Əvvəllər belə halla rastlaşmamışam”
Premyer Liqanın 25-ci turunda "Simurq"un qonağı olan "Turan" rəqibini minimal hesabla məğlub edərək aradakı xal fərqini artırdı. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüb:
Naci Şensoy, "Turan"ın baş məşqçisi: "Oyunçularımı təbrik edirəm, bu gün çox yaxşı oynadılar. Əsas sonadək mübarizə aparmaq idi. Hamısını təbrik edirəm. Rəqibə çox az qol imkanı verdilər. Bu gün psixoloji üstünlük biz tərəfdə idi, daha rahat oynayırdıq. Məğlub olsaydıq belə, "Simurq"la xal fərqini qoruyacaqdıq".
Qyoko Haciyevski, "Simurq"un baş məşqçisi: "Həmkarımı qələbə münasibəti ilə təbrik edirəm. Bu bizim üçün vacib oyun idi. "Turan"ın bizdən çox güclü olduğunu qeyd etməliyəm. Azarkeşlərimizə qələbə sevinci yaşada bilmədiyimiz üçün üzülürəm. Əvvəlki oyunlarda azarkeşlər vurduğumuz qollara sevinirdilər, indi isə alınmır. Əvvəllər belə halla rastlaşmamışam. Bundan öncəki oyundan sonra istefa vermək istədiyimi bildirmışdim, lakin rəhbərlik bunu qəbul etmədi. Fikrimcə, bu gün həm biz, həm "Turan" klubu hakimlikdən razı qaldı".
