4 aprel 2011 13:43
Simao Bruno: Qarabağ`ı məğlub etməyə borcluyuq
“Xəzər Lənkəran”ın müdafiəçisi Simao Bruno azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “Bakı” ilə (0:0)ilə oyunundanvə çempionluq şanslarından danışıb.
- “Bakı” ilə oyunda iki vacib xal itirdiniz. Buna nə səbəb oldu?
- Çox istəyirdik qələbə qazanaq. Amma alınmadı. Hesab edirəm ki, biz qələbəyə layiq idik. Komandamız yüksək səviyyədə oynadı. Rəqibdən daha yaxşı oynayırdıq, top saxlamağa, bakılılara hücum şansı verməməyə çalışırdıq. Sadəcə bəxtimiz gətirmədi. Halbuki, idmanda bu amil də az rol oynamır.
- Deməli, hesab oyuna görə olmadı?
- Biz bütün oyun boyu təhlükəli vəziyyətlər yaradırdıq. Hətta qol da vurduq. Hələ oyunun təkrarına baxmamışam. Amma mənə elə gəldi ki, orda qayda pozuntusu yox idi. Bilmirəm, hakim həmin qolumuzu niyə hesaba almadı. İstənilən halda, bəxtimiz gətirmədi. Təəssüf ki, iki vacib xal itirdik.
- İndi siz “Neftçi”dən 6 xal geri qalırsız...
- “Neftçi”nin “Qarabağ”la matçı bizim üçün də vacib idi. Ancaq nə etmək olar? İndi artıq 6 xallıq fərq yaranıb. Amma hələ çempionat başa çatmayıb. Qarşıda 7 tur var ki, istənilən komanda xal itkisi ilə üzləşə bilər. Hər şeydən əlavə, “Neftçi”nin bizimlə də oyunu var. Çox şeyə məhz həmin oyunda aydınlıq gələcək. Odu ki, bizim öz səhvlərimizi düzəltmək üçün imkanımız olacaq.
- Razısız ki, “Bakı” sizin üçün ən arzuolunmaz rəqibə çevrilib?
- Bu, mənim “zolaqlılar”a qarşı ilk oyunum idi. Əvvəl nə olub – bilmirəm. Mənə elə gəlir ki, onlar üzərində qələbə qazana bilərdik. Ancaq bu dəfə bəxt bizim üzümüzə gülmədi. Biz “Bakı”dan güclü idik. Sadəcə bu, tabloda öz əksini tapmadı.
- Yeri gəlmişkən, kubokda da bu rəqiblə qarşılaşacaqsız...
- Biz istənilən rəqiblə oyuna maksimum nəticə üçün çıxırıq. Bir neçə gün öncə əvəzedici heyətimizlə yoldaşlıq oyunu keçirdik və orda da qələbəyə oynayırdıq. Çünki XL ancaq buna layiqdi. “Bakı” ilə kubok qarşılaşmasına gəlincə, artıq orda tam fərqli oyun olacaq. Kubokda mübarizə iki oyundan ibarət olur. Biz hər iki oyunda qələbə qazanmağa çalışacağıq. Axı biz bu rəqiblə duellərdəki sindromu qırmağa çalışırıq.
- Çempionatdakı növbəti rəqibiniz “Qarabağ”dı...
- Bu, ikinci yer uğrunda mübarizə olacaq. Bizim məqsədimiz çempionatın qalibi olmaqdı. Deməli, ağdamlıları məğlub etməyə borcluyuq. Amma “Qarabağ”la oyunumuz çətin olacaq. Axı onlar da son turda uduzublar və yenidən xal itirmək istəməyəcklər. Üstəlik, onlarda əla komanda formalaşıb. “Qarabağ” komandamızla son oyunda Lənkəranda qələbə qazanıb. İndi isə biz revanş almalıyıq. “Bakı” ilə oyun artıq arxada qaldı və biz ancaq bu oyunu düşünürük.
