4 aprel 2011 01:48
Qarabağ`ı yenib, AFFA prezidentini təbrik etdilər
"Neftçi" - "Qarabağ" matçından (2:0) sonra “ağ-qaralar”ın kapitanı Rail Məlikov oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, qarşılaşmanı belə şərh edib:
"Görüşdən öncə, çox insan belə bir fikir söyləyirdi ki "Neftçi" – "Qarabağ" qarşılaşması çempionluğun taleyini 50 faiz həll edən matçdı. Həqiqətən də bu gün meydanda azarkeşlər əsl futbol oyununun şahidi oldular. Yüksək əzmkarlıq nümayiş etdirərək, 3 xal qazandıq. Bu gün ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq və final mərhələsində bu fərq heç də az deyil. Buna baxmayaraq, hər görüşdə bütün gücümüzü ortaya qoyaraq, qələbə qazanmalıyıq. Respublika stadionunda əsl futbol atmosferi vardı. Son vaxtlar AFFA rəhbərliyi, prezident Rövnəq Abdullayev tərəfindən ölkə futbolunun inkişafına yüksək diqqət və qayğı göstərilir. Bu gün Rövnəq müəllimin ad günüdür. Mən həm milli komandanın oyunçusu, həm də "Neftçi" klubunun kapitanı olaraq bütün futbolçular adından AFFA prezidentini təbrik edirəm və Rövnəq müəllimə futbolumuzun inkişafı yolunda daha böyük uğurlar arzulayıram" - deyə o, klubun rəsmi saytına açıqlamasında bildirib.
