4 aprel 2011 14:40
“Foqtsun dəvəti mənim üçün bir qədər gözlənilməz oldu”
Xəbər verdiyimiz kimi, aprelin 11-dən 14-nə kimi millimizin Bakıda təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, əsas komandamızın bu dəfəki toplanışında da ən çox sayda futbolçuyla təmsil olunan klub “Qarabağ”dı.
Ağdam klubu sözügedən hazırlıq prosesində 9 futbolçuyla təmsil olunacaq. Millinin sonuncu toplanışında olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı zədə üzündən kənarda qalan Samir Abasov, Maksim Medvedev, Əfran İsmayılov da yenidən millinin düşərgəsinə yollanacaq.
“Qarabağ”ın 9-cu futbolçusu isə millinin debütantı olacaq. 19 yaşlı müdafiəçi Qara Qarayev ilk dəfə əsas millinin düşərgəsinə dəvət alıb. O, bununla bağlı klubun rəsmi saytına açıqlama da verib: “Millidə çıxış etmək hər bir futbolçu üçün şərəfdi. Dəvət mənim üçün bir qədər gözlənilməz oldu. Düzdü, toplanış sadəcə hazırlıq xarakteri daşıyır. Amma “Qarabağ”dan başqa komanda yoldaşlarımın olduğu üçün özümü yad hiss etməyəcəyəm. Təbii ki, ən böyük arzum gələcəkdə millidə daim çıxış etməkdi”.
