7 aprel 2011 01:35
İngiltərə derbisini MY qazandı (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İlk oyun günü daha çox son çempion “İnter” və İtaliya təmsilçisinə həmin ÇL-i qazandırmış Joze Mourinyonun hazırkı komandası “Real”ın oyunlarıyla yaddaqalan olub. Həm İspaniya, həm də İtaliya klubu növbəti mərhələyə adlamaq üçün doğma meydanda elə də iddialı olmayan rəqibləri üzərində mütləq qələbə qazanmalıydı. Əks halda ÇL-in cari mövsümünün sürpriz komandaları olan “Schalke” ilə “Tottenham” onların da yolunu narahat edə bilərdi.
Madrid təmsilçisi belə sensasiyaya imkan vermədi. Əksinə, Joze Mourinyonun yetirmələri İngiltərə klubu üzərində darmadağınla qalib gələrək, demək olar ki, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdi. Son çempion "İnter" isə heç kimin gözləmədiyi bir yenilgiylə üzləşdi. Doğma meydanda "Schalke"dən 5 top buraxan italyanların işi sadəcə möcüzəyə qalıb. Düzdü, onlar ötən mərhələdə Almaniyanın digər təmsilçisi "Bayern"ə də doğma meydanda uduzduqdan sonra səfərdə bunun əvəzini çıxmağı bacarmışdı. Lakin bu dədə "Schalke" Münhen klubunun qisasını almağa yaxındı.
İkinci oyun günü isə İngiltərə derbisi ilə əlamətdar olub. Yolları məhz 1/4 finalda kəsişən “Chelsea” və “Manchester United”dən birinin çıxışını erkən dayandırması lazım gələcək. Bu isə deyəsən "zadəganlar" olacaq. Hər halda "qırmızı şeytanlar" səfərdə qazandığı minimal hesablı qələbə ilə növbəti mərhələyə daha çox yaxınlaşmış oldu. "Chelsea"nin bu yenilginin əvəzini "Old Trafford"da nə dərəcədə çıxa biləcəyini isə zaman göstərəcək.
Bu komandalardan fərqli olaraq, İspaniyanın digər nəhəngi “Barcelona”nın işi elə də çətin olmadı. Çünki cari mövsümün daha bir sürpriz komandası da onların yoluna çıxıb ki, ispanların məhz ilk qarşılaşmada bu rəqibinin işini böyük ölçüdə bitirəcəyini gözləmək olardı. Gözlənildiyi kimi, İspaniya nəhəngi rəqibini darmadağın edərək, növbəti mərhələyə daha layiq olduğunu isbatlamış oldu.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
5 aprel
Inter (İtaliya) – Schalke (Almaniya) - 2:5 (2:2)
Qollar: Stankoviç, 1, Mİlito, 34 - Matip, 17, Edu, 40; 75, Raul, 52, Ranoççya, 57-öz qapısına, .
Matçın 64-cü dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kivu qırmızı vərəqə alır
Real (İspaniya) - Tottenham (İngiltərə) - 4:0 (1:0)
Qollar: Adebayor, 5; 58, Di Mariya, 72, Ronaldo, 88.
Matçın 17-ci dəqiqəsində qonaqların hücumçusu Krauç qırmızı vərəqə alır
6 aprel
Barcelona (İspaniya) - Shakhtar (Ukrayna) - 5:1 (2:0)
Qollar: İnyesta, 2, Dani Alves, 34, Pike, 53, Keyta, 61, Xavi, 86 - Rakitski, 59.
Chelsea (İngiltərə) - Manchester United (İngiltərə) - 0:1 (0:1)
Qol: Runi, 24.
