4 aprel 2011 12:21
Palermo`da şok istefa, şok təyinat
İtaliya A Seriyasının iştirakçılarından “Palermo” rəhbərliyi qəribə addım atıb. Azerisport.az xəbər verir ki, klub prezidenti Maurizio Zamparini bu yaxınlarda baş məşqçi postuna təyin etdikləri Serse Kosmini “Catania”ya səfərdə 4 cavabsız qolla uduzduqları qarşılaşmadan sonra istefaya göndərib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, Sicilya derbisindəki yenilgidən dərhal sonra qəbul olunan qərara əsasən 58 yaşlı Kosmi ilə yollarını ayıran “Palermo” onun yerinə Delio Rossini gətirib. Hansı ki, Delio Rossi elə ötən ayın əvvəlində bu postdan qovulmuşdu. Həmin vaxt Zamparini komandasının Rossinin rəhbərliyi altında dogma meydanda “Udinese”dən 7 cavabsız qol buraxmasına qəzəblənərək bu addımı atmışdı. Lakin görünür nə etdiyini müəyyənləşdirə bilməyən klub rəhbərliyi yenidən Rossini geri qaytarmaqla vəziyyətin düzələcəyinə ümid edir.
Qeyd edək ki, Kosmi bu istefanın onun üçün çox gözlənilməz olduğunu dilə gətirib. Çünki “Palermo” bu tur belə məğlubiyyətlə üzləşsə də, ən azı bir tur öncə lider “Milan”a qalib gəlmişdi. Bütövlükdə isə, bu komanda 31 matçdan sonra 43 xalla 8-ci sırada yer alır.
