6 aprel 2011 01:51
İsgəndər Cavadov: Futbolumuzun inkişafında bu, ən başlıca amildi
Azərbaycanın görkəmli futbol ustası, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov “Abşeron”un fəaliyyətinə qiymət verib. Azerisport.az xəbər verir ki, o, bu komandanın ölkə çempionatının birinci divizionundakı çıxışını yüksək dəyərləndirərək, bunları dilə gətirib:
“Yarandığı ilk gündən “Abşeron”un çıxışını maraqla izləyirəm. Komandanın uğurlu çıxışı heç də, təsadüfü deyil. Belə ki, elə ilk gündən komandanın formalaşdırılmasında klub rəhbərliyinini yeritdiyi siyasət diqqət çəkir. 1-ci dövrədə gənc futbolçularla yanaşı heyətdə təcrübəli futbolçuların yer almasını peşəkarlıq baxımdan düzgün addım hesab edirəm. Tədricən gənclər püxtələşdikcə, onlar yaşca böyükləri əvəz etməyə başladılar. Artıq 2-ci dövrədə tamamilə cavan futbolçulardan ibarət heyətlə komanda uğurlu çıxışlarını sirlayır. “İnter”lə kubok oyununda isə “Abşeron” sözün yaxşı mənasında məni təəcübləndirdi. Meydanın hər qarışında rəqibə müqavimət göstərən 1-ci liqa təmsilçisi olduqca xoş təsir bağışladı.
“Abşeron” həqiqətən 1-ci dəstə yarışına rəng qatdı. Bu turniri olduqca maraqlı etdi. Ümumiyyətlə Regional Futbol Federasiyasının prezidenti kimi, böyük ərazini əhatə edən Abşeron bölgəsində belə bir komandanın yaranması məni çox sevindirir. Bundan başqa Regional Futbol Federasiyasının bayrağı altında keçirilən bir sıra yarışlarda “Abşeron”un aşağı yaş qrupuna daxil olan komandalarının iştirakı məni sevindirməyə bilməz. Klub 1-ci divizionda çıxış etməsinə baxmayaraq, uşaq futbolunun inkişafına xüsusi yer ayırır. Gənc futbolçulara dəstək verir. Futbolumuzun inkişafında bu, ən başlıca amildi. Buna görə də, mən “Abşeron”un rəhbərliyini belə bir gözəl klub formalaşdırdıqları üçün təbrik edir, baş məşqçi Mirbağır İsayevə uğurlar diləyirəm”.
