6 aprel 2011 13:53
“Azərbaycanda hakimliyin səviyyəsi çox aşağıdı”
“Qəbələ”nin hücumçusu Murad Hüseynov azerisport.az saytına müsahibəsində 25-ci turun “Gəncə” ilə oyunundan və milli komandamıza dəvət olunmasından danışıb.
- “Gəncə” ilə oyun haqda nə deyə bilərsiz?
- Bu oyunda biz qələbə qazanmağa borclu idik. Standart vəziyyətlərdən qollar buraxdıq. Görüşlə bağlı heç də xoş təəssüratlar qalmayıb.
- Ümumiyyətlə, bu komanda “Qəbələ” üçün çox çətin rəqibə çevrilib...
- Bəli. Mənə deyiblər ki, indiyə kimi onlarla 3 dəfə heç-heçə oynamışıq. Belə çıxır ki, bizim üçün çətin rəqibdi.
- Son iki oyunda fərqlənməyə nail olmusuz. Artıq forma yığmağa başlamısız?
- (gülür) Ümid edirəm ki, belədi. Mən yenə qol vurmağa davam etmək istəyirəm. Hiss edirəm ki, oyundan-oyuna daha yaxşı çıxış edirəm. Baxmayaraq ki, hələ tam formamı yığa bilməmişəm.
- Artıq neçənci dəfədi ki, komandanız hesabı açmasına rəğmən, sonda üstünlüyünü əldən verir. Bu, nə ilə bağlıdı?
- Bilirsiz, komandanın qarşısında hansısa vəzifə, məqsəd yoxdu. Təbii ki, bu, motivasiyaya təsirsiz ötüşmür. İlk altılığa düşməməyimiz sözünü dedi. Görürəm ki, uşaqlar buna görə necə məyus olublar, ruhdan düşüblər.
- Bilmək istərdik ki, necə oldu siz məhz “Qəbələ”ni seçmə üstünlük verdiniz?
- Menecerim məhz bu klubla danışıqlar apardı və belə qərar verdik. Bu komandada Toni Adams, Qari Stivens kimi mütəxəssislərin çalışmasının da az rolu olmadı.
- Bəs başqa hansı klublardan təkliflər almışdız?
- Ad çəkməyəcəm. Amma onu deyə bilərəm ki, xarici klublardan təkliflər vardı. Düzünü deyim ki, heç öncə Azərbaycanda oynamağı planlaşdırmırdım. Ancaq sonda belə alındı.
- Artıq uyğunlaşmısız?
- Artıq demək olar ki, hə. Yavaş-yavaş mentaliteti tanıyıram, çempionata alışıram. Sadəcə, mən Azərbaycandakı hakimləri başa düşə bilmirəm ki, onlar necə oyun idarə edir? Elə “Gəncə” ilə oyunumuzu da çox pis idarə etdilər.
- Sizi hakimliklə bağlı daha çox nə narahat edir?
- Deməzdim ki, narahat edir. Aşkar görünür ki, hakimlər çox pis oyun idarə edirlər. Ümumiyyətlə, hakimliyin səviyyəsi çox aşağıdı. İkinci altılıq oyunları demək olar ki, heç bir önəm daşımır. Medallar uğrunda mübarizə aparmırıq ki. Sadəcə futbol oynamaq istəyirik. Amma yenə hakimlər buna mane olurlar.
- Bu günlərdə Berti Foqts millimizin növbəti toplanışına dəvət etdiyi futbolçuların adlarını açıqlayıb ki, siz də həmin siyahıda varsız...
- Bu, təbii ki, çox xoşdu. Deməli, hazırlaşmaq lazımdı. Mən sübut etməliyəm ki, yığmaya da lazımam. Klubda da qol vurmağa, formamı bərpa etməyə davam edəcəm.
- Demək olar ki, sizin millidəki əsas rəqibiniz “Qarabağ”ın hücumçusu Rauf Əliyev olacaq?
- Mən yığma üzvlərini, eləcə də Rauf Əliyevi hələ o qədər də yaxşı tanımıram. Sadəcə, onu bilirəm ki, son zamanlar əla forma yığıb və yaxşı oyunçudu. Yığmada belə rəqabətin olması isə sadəcə bizim xeyrimizədi.
