6 aprel 2011 14:06
Qarabağ`ın məşqçisi beynəlxalq seminardan qayıdıb
“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov bu günlərdə Ukraynanın məşhur “Şaxtyor” klubunun Donetsk şəhərində təşkil etdiyi seminarda iştirak edib. Azerisport.az xəbər verir ki, dünyanın nəhənglərindən sayılan “İnter”, “Barcelona”, “Ajax` və “Şaxtyor”un mütəxəssislərinin keçirdiyi seminar 2 gün davam edib.
Çakarov iştirak etdiyi seminarı belə dəyərləndirib: “Seminarı “Şaxtyor” təşkil etmişdi. Ev sahibləriylə yanaşı “Ajax”, “Barcelona”, “İnter”in nümayəndələri də uşaq-gənclər futbolunun inkişaf konsepsiyaları haqqında məruzə etdilər. Faydalı müzakirələr edildi. Konfrans 2 hissədən ibarət idi. İlk öncə səhərlər nəzəri məşğələlər keçirilirdi. Adını qeyd etdiyimiz klub nümayəndələri seminarı aparırdılar. Axşam isə seminarda iştirak edənlər məşq keçir və sonra da hazırlığı müzakirə edirdilər. Məşqləri “Şaxtyor”un aşağı yaş qruplarında edirdik. Donetsk və ətrafında “Şaxtyor”un 7 filialı və onlarla məktəbi fəaliyyət göstərir. Konfransda “Şaxtyor”un 60 məşqisiylə yanaşı başqa ölkələrdən eyni sayda başqa ölkə nümayəndələri vardı. Azərbaycandan sadəcə “Qarabağ”ın nümayəndəsi vardı. Tədbirlə bağlı təəssüratlarım olduqca müsbətdi. Futbol fəlsəfəsi haqqında edilən müzakirələr, inkişaf metodologiyası haqqında söhbətlərin olduqca effektli alındığını düşünürəm. Xüsusilə, “Şaxtyor”un dünya klubu olması yönündə atdığı addımları təqdirəlayiqdi”.
