6 aprel 2011 11:43
Pitsurka Dinamo`da məşq, XL onu cərimə edir
“Xəzər Lənkəran”ın yeni yarımmüdafiəçilərindən olan Aleksandr Pitsurka komandanı tərk edə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Rumıniya mətbuatı məlumat yayıb.
Məlum olduğu kimi, bu futbolçu yaxınlarda milli komandaların çıxışına görə yaranan fasilə zamanı müəyyən olunmuş vaxtda düşərgəyə qayıtmamışdı. Rumın həmkarlarımızın iddiasına görə isə, Pitsurka buna görə, aylıq qazancının 75 faizi dəyərində cərimə olunub. Lakin o, bu cəzaya da rəğmən, hələ də geri qayıtmayıb və hazırda Buxarest “Dinamo”sunun düşərgəsində hazırlıq keçir.
Faktı futbolçunun atası, vaxtilə Rumıniya yığmasının baş məşqçisi olmuş Viktor Pitsurka da təsdiqləyib. Lakin o, bildirib ki, hazırda vətənində olan futbolçu ailə problemləri səbəbindən geri qayıtmır: “Aleks hazırda komandasının düşərgəsində deyil. O, ailə vəziyyəti ilə əlaqədar məzuniyyət götürüb. Hər şey yoluna düşən kimi, oğlumun komandasının düşərgəsinə qayıtmasını gözləyirik”.
