8 aprel 2011 01:55
Avropa Liqasında darmadağınlar gecəsi (YENİLƏNİB)
UEFA Avropa Liqasında da 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin ikinci dərəcəli turnirinin yarımfinalına yüksəlmək iddiasında olan 8 ən güclü iştirakçı “dördlüy”ə düşmək üçün qüvvəsini sınayıb.
Qeyd edək ki, bu mərhələdə Portuqaliya klublarının üstünlüyü diqqət çəkirdi. Birdən-birə 1/4-də 3 klubla təmsil olunan portuqalların iki komandası ev, biri isə səfər matçına çıxıb. “Benfica” Hollandiya PSV-sini, “Porto” isə Moskva “Spartak”ını məğlub yola salıb. Özü də darmadağınla. Məhz bu üzdən sözügedən komandaların artıq yarımfinala vəsiqəni böyük ölçüdə təmin etdiyi vurğulamaq olar. Yeri gəlmişkən, bu günlərdə vaxtından öncə Portuqaliya çempionu adını rəsmiləşdirən “Porto” CSKA-nın ardından ikinci dəfə Rusiya klubunu mübarizədən kənarlaşdırmış olacaq.
Portəgizlərin daha bir təmsilçisi “Braga” isə səfərdə Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirib. Həmin “Dinamo” ki, “Beşiktaş” və “Manchester City”ni yolundan kənarlaşdırmağı bacarmışdı. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, avtoqol sayəsində tezliklə status-kvo bərpa olunub və sonadək komandalar bərabərliyi poza bilməyiblər. Bu heç-heçə isə daha çox portəgizlərə yarayır və onların doğma meydanda işi bitirməsi tam mümkündü. Nəticədə 3 Portuqaliya klubu yenə yoluna itkisiz davam etmiş olacaq.
Digər qarşılaşma isə İspaniyada yerli “Villarreal”la Hollandiyanın digər təmsilçisi “Twente” arasında baş tutub. PSV-dən fərqli olaraq, Vaqif Cavadovun məxsus olduğu bu Hollandiya klubu daha ağır məğlubiyyətə uğrayıb və demək olar ki, ispanlarla dueldə sensasiya etmək şansı qalmayıb.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
7 aprel
Benfica (Portuqaliya) - PSV (Hollandiya) - 4:1 (2:0)
Qol: Aymar, 37, Salvio, 45, 52, Saviola, 90+4 - Labyad, 80.
Dinamo (Kiyev, Ukrayna) – Braga (Portuqaliya) - 1:1 (1:1)
Qol: Yarmolenko, 6 - Vukoyeviç, 14-öz qapısına.
Matçın 61-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Şevçenko qırmızı vərəqə alıb
Porto (Portuqaliya) – Spartak (Moskva, Rusiya) - 5:1 (1:0)
Qol: Falkao, 37; 85; 90+2, Varela, 65, Maykon, 70 - Kombarov, 71.
Villarreal (İspaniya) - Twente (Hollandiya) - 5:1 (3:0)
Qollar: Marçena, 22, Valero, 43, Nilmar, 45+1; 80, Rossi, 55 - De Yonq, 90+1.
