7 aprel 2011 17:11
İkincilik savaşı: heç-heçə heç kimə yaramır
Premyer Liqada bir turluq fasilədən sonra ikinci pilləyə qayıdan “Xəzər Lənkəran” bu bazar cəmi bir xal geridə olan “Qarabağ”la üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, Bakıda baş tutacaq bu qarşılaşma bölgə təmsilçilərinin ikincilik uğrunda gərgin mübarizəsinə səhnə olacaq.
Oyunun nə dərəcədə əhəmiyyətli olmasını elə komandaların turnir cədvəlindəki mövqeləri və xal ehtiyatlarından da anlamaq ouar. Həm “Xəzər Lənkəran”, həm də “Qarabağ” çempionluq uğrunda mübarizələrini davam etdirir. Rəqibindən bir xal öndə olan cənub təmsilçisi qalib gəlməklə bu xal fərqini artırmış olacaq. Uğurlu nəticə həm də birinci pillədə gedən “Neftçi”ni nəzərdən buraxmamaq mənasında olduqca vacib əhəmiyyət daşıyır. Ötən tur hər iki komandanın qələbə qazana bilmədiyini nəzərə alsaq, onların bu oyuna xüsusi köklənəcəyini qeyd etmək olar. Elə Ağdam təmsilçisi də nəyin bahasına olur-olsun, son dəfə Lənkəranda yendiyi bu rəqibini məğlub edib, ikinciliyi yenidən ələ almağa çalışacaq.
“Qarabağ”a qarşı birinci dövrədə keçirilmiş səfər qarşılaşmasında “Xəzər Lənkəran” 1:0 hesabı ilə qalib gəlmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş həmin oyunda yeganə qolu Konstantin Arbanas qapıdan keçirmişdi. İkinci dövrədə Lənkərandan baş tutan görüşdə isə qonaqlar 2:1 hesablı qələbəyə sevinən tərəf olmuşdular.
Komandaların bu tura kimi qeydə alınan göstəricilərinə nəzər salaq. “Qarabağ” bu mövsüm çempionatda keçirdiyi ev oyunlarında 9 dəfə qələbə qazanıb, 2 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib. Cənubluların səfər oyunları ilə bağlı statistikası isə belədi: 6 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət. Vurulan qollara görə “Qarabağ” – “Xəzər Lənkəran”dan öndədi – 33:29. Lakin Lənkəran klubu rəqibindən iki qol az buraxıb – 14:16.
Final mərhələsində hələ qələbə qazana bilməyən XL bu oyunda uğursuz gedişə də son qoymalıdı. Bundan əlavə “Xəzər Lənkəran” bu mərhələ çərçivəsində keçirilmiş üç turda yalnız bir qol vurub ki, onu da penalti zərbəsindən fərqlənməklə həyata keçirmək mümkün olub. Belə olduğu halda “Qarabağ”la oyunu həm də qol susqunluğunu pozmaq üçün yaxşı məqam sayıla bilər.
Milli çempionatlar çərçivəsində “Xəzər Lənkəran” indiyə kimi 8 dəfə “Qarabağ” səfərinə yollanıb. Müxtəlif stadionlarda keçirilən bu səkkiz oyunun heç birində heç-heçə qeydə alınmayıb – 6 dəfə Ağdam klubu, 2 dəfə isə XL qələbəni qeyd edib. Bu komandalar arasında ən böyük hesablı qələbə də məhz ağdamlıların ev oyununda qeydə alınıb. 2006/2007 mövsümündə keçirilmiş bu oyunda “Xəzər Lənkəran” 4:1 hesabı ilə üstün olub.
