8 aprel 2011 02:00
GS rəsmən açıqladı: Ardaya 12.5 milyon avroluq təklif var
Türkiyənin “Galatasaray” klubu artıq uzun müddəti Avropanın az qala bütün aparıcı klubları ilə adı yanaşı çəkilən Arda Turana rəsmi təklif olduğunu rəsmən açıqlayıb. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar”ın aparıcı orta sahə oyunçusu karyerasını İspaniyada davam etdirə bilər.
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının da şərəfini qoruyan Ardanın La Liqanın hansı klubunun maraq dairəsində olduğu gizli saxlanılır. Bu haqda rəsmi açıqlama verən “Galatasaray”ın idarə heyətinin üzvü Taner Aşkın sadəcə bunları dilə gətirib:
“Ulduz oyunçumuza İspaniyadan bir təklif var. Sadəcə Arda üçün rəsmi olaraq 12.5 milyon avro verməyə hazır olduqlarını deyə bilərəm. Arda çox bəxtsiz bir zədə yaşadı. Onunla danışmışam. Mənə artıq Türkiyədə futbol oynamağının çox çətin olduğunu söylədi. Özü də getməkdə maraqlıdı”.
