8 aprel 2011 11:42
Çertoqanov: İnterin uğursuzluğunun səbəbi XL-na məğlubiyyət oldu
Son Azərbaycan çempionu “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində qarşıdakı “Neftçi” ilə oyun və milli komandamızdan danışıb.
- Qarşıda sizi lider “Neftçi” ilə çətin oyun gözləyir. Bu oyundan nə gözləyirsiz?
- Yaxşı oynamağa çalışacağıq ki, qələbə qazanaq. Başqa fikirlə meydana çıxa bilmərik. Ona görə ki, biz “altılığ”a çox pis başlamışıq. Bu üzdən komandadakı əhval-ruhiyyənin də yaxşı olduğunu demək olmaz. Amma bu qarşılaşmada qələbə qazansaq, bu, bizim xeyrimizə olar.
- Əgər bu oyunda da məğlub olsaz, demək olar ki, liderə çatmaq şanslarınız heçə enəcək. Ondan sonra gözləmək olar ki, “İnter” bütün diqqətini kuboka yönəldəcək?
- Artıq indidən də demək olar ki, bizim əsas diqqətimiz Azərbaycan kubokuna yönəlib. Ancaq çempionat oyunlarına da xal paylamaq üçün çıxmayacağıq.
- Onda belə çıxır ki, hər iki cəbhədə mübarizənizi davam etdirəcsiz?
- Bəli. Əlbəttə, çempionluq və ya ikinci yer uğrunda mübarizə aparmağımız çətin olacaq. Amma istənilən halda sona kimi mübarizəmizi davam etdirəcəyik.
- “Birlik Kuboku”nu qazanan komandalarımızın hamısının belə aqibət yaşaması qəribə görünür. Vaxtiilə “Neftçi” və “Xəzər Lənkəran”ın üzləşdiyi bu aqibətlə indi də siz üzləşdiniz...
- Mən deməzdim ki, bu turnirdəki qələbə bizim əleyhimizə işlədi. Bizə ən çox təsir edən evdə “Xəzər Lənkəran”a məğlubiyyət oldu. Ondan sonra hər oyunda qol buraxmağa başladıq. Bu, indi bizim öz problemimizdi. Halbuki, heç “Birlik Kuboku”nda heç bir oyunda qapımızdan qol buraxmamışdıq.
- AÇ-2012-nin seçmə mərhələsindəki Belçika darmadağınından sonra millimizə qarşı tənqidlərin çoxalmasını necə qəbul edirsiz?
- Tənqidlərin olması normaldı. Sadəcə bunu qəbul etməyi bacarmaq lazımdı. Özü də belçikalılara 1:4 hesabıyla uduzmuşuq və başa düşürük ki, burda tənqid qaçılmazdı. Bunu başa düşmək və nəticə çıxarmaq lazımdı. Bilirik ki, pis oynadıq və ünvanımıza yönələn bu tənqidlərə də layiqik.
- Bəs belə oyuna nə səbəb oldu?
- Bilirsiz, bir sıra amillər var. Məsələn, hakim orda qapımıza təyin etdiyi ilk cərimə zərbəsi zamanı qayda pozuntusu yox idi. Nəticədə də sənə qol vururlar, o da öz futbolçumuza dəyib qapıya gedir. Ardından komanda hücuma atılır, hesabı bərabərləşdirir. Bundan dərhal sonra da qapımıza penalti təyin edirlər. Bu isə təbii ki, psixoloji cəhətdən çox pis təsir edir. Artıq 3-4 oyundu səfərdə oynayırıq. Səfərdə oynamaq isə kifayət qədər çətindi.
- Maraqlıdı, siz orta sahədə bu dayaq yarımmüdafiəçilərindən hansıyla daha asan anlaşa bilirsiz: Samir Abasov, Rahid Əmirquliyev yoxsa Ruslan Abışov?
- Mənim üçün qətiyyən fərqi yoxdu. Onların hamısı yaxşı oynayırlar. Kim oynayırsa oynasın, əsas odu ki, komandaya fayda gətirsin.
