9 aprel 2011 18:31
Şensoy: Rəhbərlikdən xahiş edəcəyik ki…
Premyer Liqanın 26-cı turunda evdə “Qəbələ”ni qəbul edən “Turan” 2 cavabsız qolla məğlub oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Naci Şensoy məğlubiyyəti belə izah edib:
"Meydançanın vəziyyəti yaxşı oyun göstərməyimizə mane oldu. Rəhbərlikdən xahiş edəcəyik ki, gələn mövsümdən etibarən oyunlarımızı süni örtüklü meydançada keçirək. Zaqatalada "Simurq"la oyunumuz yaxşı alındı, burada isə futbolçularım istənilən oyunu göstərə bilmədi. İlk hissədə iki qol imkanımız oldu, istifadə edə bilmədik. Futbolda "vurmayana vurarlar" qaydası işləyir. "Qəbələ"ni qələbə ilə təbrik edirəm. Bu oyunda azarkeşlərimizi gözəl oyunla sevindirmək istəyirdik, təəssüf ki, alınmadı, onlardan üzr istəyirəm. Bizi dəstəkləməyə davam etmələrini xahiş edirəm".
