9 aprel 2011 19:33
Arif Əsədov: Gələn dəfə mən də mətbuat konfransına gəlməyəcəm
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 26-cı turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt derbisində çempionla heç-heçəyə (1:1) razılaşan “ağ-qaralar”ın çalışdırıcısı bunları dilə gətirib:
“Oyuna pis başladıq. İlk dəqiqələrdə qol buraxdıq ki, bu da komandada psixoloji gərginlik yaratdı. Sonrakı dəqiqələrdə oyunda dönüş yaratmağa çalışdıq. Fikrimcə, əvəzetmələr sayəsində buna nail olduq. Yeri gəlmişkən, Arazı əvəz etməyimin səbəbi onun zəif çıxışı deyildi. 2-ci dəqiqədə hesabda geri düşdük ki, vəziyyətdən çıxış yolu kimi 2 hücumçu ilə oynamaq qərarına gəldim. Belədə Abdullayevin əvəzinə Emil Mpenzanı buraxdım. Bununla da 4 futbolçu ilə rəqib qapısına hücum etməyə başladıq. Mpenzadan başqa, Rəşad Abdullayev, Bahodir Nasimov və Flavinyo da qol vurmaq üçün irəli atıldılar. Buna görə də "Neftçi" oyuna daha çox nəzarət etməyə başladı. "İnter" kimi komanda ilə səfər oyununda 1 xal qazanmağı komandamız üçün yaxşı nəticə hesab edirəm. Gələn dəfə mən də mətbuat konfransına gəlməyəcəm”.
