9 aprel 2011 00:39
Stefan Borbikoni: Azərbaycan çempionatını Fransanın 2-ci liqasına bənzətmək olar
“Bakı”nın italyan əsilli fransalı müdafiəçisi Stefan Borbikoni Azərbaycan futbolu, “Bakı” futbol klubu və gündəlik qayğıları barədə fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Yayda müqavilənin müddəti bitir. İcarə əsasında məxsus olduğun kluba qayıdırsan, “Bakı”da qalmaq istəyirsən, yoxsa karyeranı başqa ölkədə davam etdirmək fikrindəsən?
- Hər şeyə müqaviləmin müddətinin bitməsindən sonra aydınlıq gələcək. İlk öncə Fransaya qayıdıb, “Metz” rəhbərliyi ilə görüşəcəyəm. Düzünü desəm, burada qalmağı üstün tuturam. Çünki, “Metz” ikinci liqada sonuncu pillələrdədi. Belə davam edərsə, klub 3-cü liqaya düşəcək. Bu halda mən orada oynamaq istəməzdim.
- Azərbaycana ilk gəlişinin üzərindən bir ilə yaxın vaxt keçib. Bu dövr ərzində geriyə baxıb, nələri xatırlayırsan?
- “Bakı” Azərbaycanın ən iddialı klublarından biridir. Klub rəhbərliyi komandamızı həmişə mükafatçılar sırasına görmək üçün yaradıb. Təəssüf ki, bu mövsüm uğursuz çıxış edirik. Çempionluq şanslarımız sıfıra ensə də, kubok oyunlarında sona qədər vuruşacağıq. Elə-belə təslim olmayacağıq.
- Kubok yolunda növbəti rəqib “Xəzər Lənkəran” asan rəqib deyil…
- Rəqibə yaxşı bələdik. Bilirəm ki, bu oyunlar həmişə maraqlı və gərgin keçir. Turnir cədvəlindən asılı olmayaraq, onları mütləq məğlub etməliyik. Avropaya çıxmaq üçün başqa şansımız yoxdu. Qarşımıza qoyulan hədəf hər oyunda meydana çıxıb, qləbə qazanmaqdı. Biz peşəkar futbolçularıq. Turnir cədvəlindən asılı olmayaraq əsas işimiz meydana çıxıb bacarığımızı nümayiş etdirməkdi. Mümkün olduğu qədər irəliləməyə çalışacağıq.
- “Bakı”nın bugünkü durumundan ən çox narahat olan azarkeşlərərdi. Tərəfdarlara nə demək istərdin?
- Bura gəldiyim ilk gündən onlardan böyük dəstək görmüşəm. Bizim azarkeşlər sayca bəzi rəqiblərimizdən az görünsələr də, onları ən güclü hesab edirəm. Biz futbolu ilk növbədə onlar üçün oynayırıq. Əminliklə deyirəm ki, Azərbaycanın ən mehriban fanatları “Bakı” azarkeşləridi. Nə olursa-olsun, onlardan həmişə dəstək görçüşük və gələcəkdə də gözləyirik.
- Fransadan başqa Türkiyə Superliqasında da oynamısan. Top qovduğun üç liqa arasında hansı paralellər aparmaq olar?
- Futbol bütün dünyada eyni cür oynanılır. Hər ölkənin özünəməxsus çempionatı var. Türkiyədə nizam-intizama ciddi önəm verilirdi. Gündəlik məşqlər və təlim-məşq toplanışları çox olurdu.
Bizim klubun baş məşqçisi Aleksandr Starkov Latviya yığmasını çalışdırır. Onun məşqləri Fransada keçdiyimiz məşqlərdən fərqlənmir. Amma Azərbaycan Premyer Liqasını Fransa çempionatı ilə müqayisə etmək düzgün olmazdı. Azərbaycan futbolu cəmi 2 onillikdi ki, müstəqil şəraitdə yaşayır. Fransa futbolunun isə 100 ildən artıq yaşı var. Bununla belə ölkəniz və futbolunuz sürətlə inkişaf edir. Komandalar və oyunçuların səviyyəsinə görə Azərbaycan liqasını Fransanın ikinci liqasına bənzətmək olar.
- Boş vaxtlarında nə edirsən?
- Azərbaycanda hər şey ürəyimcədi. Burada özümə çoxlu dost qazanmışam. Bakını çox sevirəm. Mən “Tarqovı” (Nizami küçəsi) adlanan yerdə yaşayıram, boş vaxtlarımda da elə oralarda dincəlirəm.
- “Bakı” klubunun bazası bu yaxınlarda tam istifadəyə veriləcək. İnfrastruktur baxımından Fransa klubları ilə müqaisə aparmaq olarmı?
- Bu baza Avropa standartlarına tam uyğundu. Bəzi məqamlara görə “Bakı”nın bazası Fransa ikinci liqasında oynayan bir çox klubları üstələyir. Bununla belə burada hələ görülməli xeyli iş var. Ən əsası gələcək nəsillərin səviyyəsini düşünmək lazımdı. Uşaq futboluna xüsusi diqqət yetirmək, bunu bir sistem halına salmaq zəruridi. Biz məşqdə olarkən uşaq və yeniyetmələrin necə həvəslə məşq etdiyinin şahidi oluram. Bu onu göstərir ki, klub rəhbərləri uşaq futboluna ciddi önəm verirlər. Klubumuzun potensialı olduqca böyükdü. Bu imkanlardan səmərəli istifadə edərək əsl bir superklub yaratmaq olar. Bu sahədə aparılan işlər “Bakı”nın tezliklə yeni səviyyəyə yüksələcəyini göstərir. Görəcəksiz ki, bir neçə ildən sonra “Bakı”nın gəncləri Avropa klublarına transfer olunacaqlar.
Mənbə: Bakı`nın rəsmi saytı
