10 aprel 2011 13:54
Rəşad Abdullayev: Xal itkisindən heç kim sığortalanmayıb
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev Premyer Liqanın 26-cı turunun “İnter”lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Çətin oyun alındı. Bizim əsas vəzifəmiz mümkün qədər erkən qola imza atmaq idi. Amma əvəzində özümüz ikinci dəqiqədə qola üzüldük. Hansı ki, bu, bizim planlarımıza qətiyyən daxil deyildi.
- İlk 3-4 dəqiqədə elə görünürdü ki, sanki “Neftçi” oyuna ümumiyyətlə hazır deyil...
- Erkən buraxılan qol bizi sarsıtdı. Mən bu vəziyyətimizi “Qarabağ”la oyunumuza bənzədərdim. Hansı ki, həmin oyunda biz rəqibimizi eyni şəkildə cəzalandırmışdıq.
- Sadəcə fərq onda oldu ki, bu dəfə siz qələbə qazana bilmədiz...
- Rəqib bizi əks-hücumlarda yaxalamağa çalışırdı. Amma biz qol vura və məğlubiyyətdən yaxa qurtara bildik. Məhz cavab qolunu vura bilməyimiz həlledici oldu.
- Amma bütövlükdə “Neftçi” bu oyunu zəif keçirdi. Bu, nə ilə bağlıdı? Bəlkə, artıq ümumi qələbənizə əminsiz?
- Nə qədər ki, rəsmi olaraq çempionluğu rəsmiləşdirməmişik, hər hansı arxayınlıqdan söhbət gedə bilməz. Bəli, bu, bizim heç də ən yaxşı oyunumuz deyildi. Xüsusilə də birinci hissədəki çıxışımız. Bu oyunu analiz etməli olacağıq. Belə oynamaq olmaz. Amma ikinci hissədə bir qədər yaxşı oynadıq.
- “İnter” sizə meydanın özünə aid hissəsində oynamaq imkanı vermirdi...
- Bu, tam gözlənilən idi. Onlar erkən qol vurduqdan sonra müdafiəyə qapandılar və bizim oyunumuzu pozmağa başladılar. Biz heç çox qol vəziyyəti də yarada bilmirdik.
- Penalti var idi?
- Hakim hələ Flavinyo cərimə meydançasında yerə yıxılanda da penalti təyin edə bilərdi. Top rəqib oyunçunun əlinə dəymişdi. Adətən belə epizodlar hakimin nə dərəcədə bunu görməsindən asılı olur. Əfqan Həmzəyev penalti təyin etdi. Hesab edirəm ki, hər şey ədalətli idi.
- “Neftçi” bir xal qazandı, yoxsa 2 xal itirdi?
- Düzünü desək, uduzduğumuz oyunun yalnız ikinci hissəsində qol vurduq. Buna görə də heç-heçəni pis nəticə hesab etmirəm.
- Deməli, bu nəticənin çempionluq ambisiyalarınıza təsir etdiyini düşünmürsüz?
- Xeyr. Hələ bu mövsüm çox şey olacaq. Xal itkisindən heç kim sığortalanmayıb. Bundan sonra da hamı xal itirəcək.
