10 aprel 2011 14:34
Mirça Rednikin XL-da ilk ad günü
Bu gün “Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Mirça Rednikin ad günüdü. Azerisport.az xəbər verir ki, onun 49 yaşı tamam olur.
Rumıniya və Belçika vətəndaşı olan Mirça Rednik bu klubda 2010-cu ilin yayından çalışır. Keçən müddət ərzində Rednikin sayəsində cənub təmsilçisi Premyer Liqa çərçivəsində 26 oyun keçirərək turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, Azərbaycan kubokunda isə yarımfinala çıxıb.
Mirça Rednik 1962-ci il təvəllüdlüdü. Doğma rumın dilindən başqa o, fransız, ingilis və italyan dillərində danışır. Futbolçu karyerasını 1978-ci ildə “Korvinul” Xunedoara klubunda başlayıb. Bu komandanın heyətində 3 il ərzində 96 oyunda iştirak edib, rəqiblərin qapısına 6 qol vurub. 1990-1991-ci illərdə Rednik Türkiyənin “Bursaspor” klubunda oynayıb və burada 22 matçda iştirak edərək 2 qol vurub. Rednik uzun müddət Lyejin “Standard” klubunun şərəfini qoruyub (1991-1996-ci illər). O, bu klubun 156 qarşılaşmasında iştirak edib və 4 qol vurub. 1996-1997-ci illərdə Rednik Belçikanın “Sent Trudens” klubunda oynayıb və bu komandanın heyətində 14 oyun keçirib. Futbolçu karyerasını Buxarestin “Rapid” klubunda (1997-2000-ci illər) tamamlayıb. Bu klubun heyətində 89 oyunda çıxış edərək 2 qol vurub.
Rednik 1984-cü ildə Fransada keçirilən Avropa çempionatının 3 oyununun və 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının 4 oyununun iştirakçısıdı. O, 1984, 1990 və 1999-cu illərdə Rumıniya çempionu olub, Rumıniya kubokunun 1984, 1986, 1990 və 1998-ci illərdə, və Belçika kubokunun 1993-cü ildə qalibi olub.
Futbol karyerasını tamamlayan kimi Rednik elə həmin 2000-ci ildə məşqçiliyə başlayıb. Belə ki o, 2000-2001-ci illərdə Buxarestin “Rapid” klubunda baş məşqçi qismində çalışıb. 2001-ci ildə Rednik “Bakeu” futbol klubunu çalışdırəb, 2002-ci ildə isə yenidən 2 il müddətinə “Rapid” klubuna qayıdıb. 2003-2004-cü illərdə Rednik Səudiyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. 2004-də o “Universitatea” Krayova, 2004-2006-da “Vaslui”, 2006-2007-də “Dinamo” Buxarest, 2007-2008-də “Rapid” Buxarest, 2008-2009-da yenidən “Dinamo” Buxarest komandalarında çalışıb. “Xəzər Lənkəran”a keçməzdən əvvəl Rednikin son iş yeri Rusiyanın “Alaniya” Vladiqavqaz komandası olub. Məşqçi orada 2009-cu ildə işləyib.
Məşqçi qismində Rednik bir çox nailiyyətlər əldə edib. O, 2003-cü ildə “Rapid”lə və 2007-ci ildə “Dinamo” ilə Rumıniya çempionu adını qazanıb. Rednik Mirça Luçeskudan sonra yeganə məşqçidi ki, Rumıniya çempionatını iki məxtəlif komanda ilə udub. 2002-ci il Rumıniya kubokunun, 2002 və 2003-cü illər bu ölkənin superkubokunun qalibi olub.
2003-də və 2007-də Rednik Rumıniyada “ilin məşqçisi” tituluna layiq görülüb. 2004-cü ildə o “Əl-Nəsr” komandası ilə Dəməşq kubokunu qazanıb.
2005-ci ildə Rednik “Vaslui” komandasını heç bir oyunda uduzmayaraq Rumıniya Premyer Liqasına çıxarıb.
Rednik Çempionlar liqasının 2003 və 2007-ci illərdə və UEFA kubokunun 2001, 2004, 2005 və 2008-ci illərdə iştirakçısı olub. “Alaniya” ilə çempionatı üçüncü yerdə bitirib və bununla da komandanın Rusiya Premyer Liqasına çıxışını təmin edib.
“Xəzər Lənkəran” futbol klubu başda prezident Mais Mənsimov olmaqla Mirça Redniki ad günü münasibətilə təbrik edir, ona can sağlığı və işində yeni müvəffəqiyyətlər arzulayır. (klubun rəsmi saytı).
