10 aprel 2011 02:34
Foqts: Həmin vaxt mənim AFFA-da görüşüm vardı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts azerisport.az saytının suallarını cavablandırıb.
- Yəqin ki, belçikalılarla oyunla bağlı analizlərinizi aparmısız...
- Bu oyun haqda artıq heç nə demək istəmirəm. Qarşıda bizi Qazaxıstan və Almaniya ilə iki vacib qarşılaşma gözləyir. Belçikalılar bizdən güclü idilər və nəticədə də qələbə qazandılar. Belə rəqiblə oyunda nəticə qazanmaq üçün bütün komandanın əla oyun sərgiləməsi lazımdı. Əgər ən azı 2-3 futbolçu oynaya bilmirsə, onda bizə heç bir şans qalmır. AFFA da, mən də yaxşı başa düşürük ki, nəticələrimizin yaxşılaşması üçün zamana ehtiyacımız var. Hazırda da biz məhz bu iş üzərində çalışırıq.
- Oyundan sonra bəzi futbolçular heç də öz mövqelərinə uyğun oynamadıqlarını dilə gətirdilər. Məsələn, siz hesab etmirsiz ki, Vaqif Cavadov hücumda tək idi?
- O, hücumda tək deyildi və Rauf Əliyev də ona yardım göstərirdi. Vaqif Cavadova o sual verilməlidi ki, sən bu matçda lazımı səviyyədə oynaya bildinmi? Futbolçular həmişə özlərinə bəraət axtarırlar. Sanki onların heç bir günahı yoxdu və oynamalarına da başqa kimsə mane olub. Mən bunu səbəb kimi qəbul etmirəm. Oyunçular hər şeyə hazır olmalıdılar. Hətta 100 yox, 110 faiz bütün bacarıqlarını meydanda qoymalıdılar. Bunun əvəzində onlar mətbuata daha yaxşı oynamalarının mümkünlüyündən danışırlar. Yeri gəlmişkən, mən bu haqda oyunçularımdan soruşmuşam və deyiblər ki, bu haqda artıq nəsə söyləməyiblər.
- Siz bu görüşdə kimdənsə razı qaldız?
- Elvin Məmmədov meydanda bir qədər uğurlu təsir bağışladı. Onun hərəkətləri mənim xoşuma gəldi. Xüsusilə də birinci hissədə. Sadəcə, hazırda o, oyun praktikası sarıdan əziyyət çəkir. Məmmədova daha çox oynamaq lazımdı.
- Mahir Şükürov bildirib ki, özünə yeni klub tapana və formasını bərpa edənə kimi millidə çıxış etməyəcək. Sizin buna münasibətiniz?
- Mən artıq Mahirlə bu haqda danışmışam. Mahiri yığmaya dəvət etməyəcəm.
- Deməli, biz onu qarşıdakı iki oyunda görməyəcəyik?
- O, nə bizim Almaniyadakı tibbi müayinələrimizə, nə də Qazaxıstan və Almaniya ilə oyunlarımıza dəvət alacaq. Yaxın aylarda onu yığmaya çağırmayacam.
- Qazaxıstan yığmasıyla oyundan nə gözləyək?
- Oyun sabah keçirilmir. Həmin matça qədər kifayət qədər vaxtımız var. Sadəcə, Yoahim Lövün bir sitatını xatırlamaq istərdim. Hansı ki, Qazaxıstanın Azərbaycan yığmasından güclü olduğunu dilə gətirmişdi.
- Bəs siz nə düşünürsüz?
- İndidən bu komanda haqda danışmaq istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, püşkatma mərasimi vaxtı qazaxlar 5-ci səbətdə idi, biz isə altıncı. Biz yaxşı hazırlaşaraq sübut etmək istəyirik ki, onlar üçün heç də asan olmayacaq.
- Yeri gəlmişkən, siz “İnter” və “Neftçi”nin əvəzedicilərindən ibarət komandaların oyununu izləməli olsaz da, bunu etmədiniz...
- Həmin oyunda Arif Əsədovla Kaxaber Sxadadze olub. Həmin vaxt mənim AFFA-da görüşüm vardı. Oyuna sadəcə çata bilmədim.
