11 aprel 2011 13:29
Allahverdiyevin XL-dan qovulmasının səbəbi müəyyənləşdi
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev komandadan Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyunundakı davranışlarına görə kənarlaşdırılıb. Azerisport.az xəbər verr ki, o, qarşılaşmanın 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Dieqo Souzanın ünvanına kəskin formada irad bildirib.
Qarşılaşmadan sonra da Elnur yumşaq davranışları ilə seçilməyib. O, hətta Dieqo ilə dalaşmaqdan da çəkinməyib. Məhz bu üzdən klub rəhbərliyi və məşqçi korpusu təcili yığıncaq təşkil edərək, sözügedən məsələni müzakirə ediblər. Elnurun digər intizamsız hərəkətlərinin də olduğu nəzərə alınaraq, millimizin müdafiəçisinin komandadan uzaqlaşdırılmasına qərar verilib.
Bəs görəsən, Allahverdiyev özü bütün bu baş verənlərə necə münasibət bildirir? O, azerisport.az saytına açıqlamasında hərəkətlərinə belə bəraət qazandırıb: “Hamı bilir ki, mən çılğın xarakterə malikəm. Mən emosiyalarımı saxlaya bilmirəm”.
Elnurun sözlərinə görə, onun belə davranışlarına səbəb komandasının son dövrlərdəki uğursuz çıxışıdı: “XL final mərhələsindəki dörd oyunda hələ bir dənə də qələbə qazana bilməyib. Son nəticələrimiz qətiyyən xoş əhval-ruhiyyə yaratmır. Axırda da belə şeylər olur”.
Lakin hər şeyə rəğmən, Allahverdiyev klub rəhbərliyi və komanda yoldaşları qarşısında üzr istəməyə hazırdı: “Əlbəttə, mən təəssüf edirəm ki, belə alındı. Klub rəhbərliyi və komanda yoldaşlarımın hamısından üzr istəyirəm. Əgər klub hesab edirsə ki, mən daha lazım deyiləm, buna da hazır olmalıyam”.
