11 aprel 2011 14:04
Ramiz Məmmədovun Qazaxıstan kubokundakı növbəti rəqibləri müəyyənləşdi
Bu gün Qazaxıstan Futbol Federasiyası ölkə kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimini təşkil edib. Azerisport.az xəbər verir ki, bir müddət öncə 1/16 final mərhələsinin püşkünü atarkən, növbəti mərhələyə diqqət ayırmayan qazaxlar bu addımı indi atmaq qərarına gəlib.
Lakin maraqlıdı ki, hələ 1/16 final mərhələsinin heç bir qarşılaşması keçirilməyib. Bu qarşılaşmalar aprelin 13-də baş tutacaq. Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubu ilk mərhələdə “Astana” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hansı ki, rəqib meydanında baş tutacaq bu görüşdə qalib gələn tərəf növbəti mərhələyə vəsiqə qazanmış olacaq.
Bu günkü püşkatmaya əsasən, Ramiz Məmmədovun komandası “Astana”nı keçəcəyi halda növbəti rəqiblərinin kimliyini də öyrənib. Belə ki, “Atırau” 1/8 finalda ÇSKA – “Tobol” cütünün qalibi ilə qarşılaşmalı olacaq. Özü də həmyerlilərimizin klubu çox həmin oyunu da səfərdə keçirməli olacaq ki, rəqib də böyük ehtimalla “Tobol” olacaq. 1/8 finalın oyunları aprelin 20-də keçiriləcək.
