11 aprel 2011 15:19
ÇL: Kimlər 1/4-in cavab oyunlarında ehtiyatlı olmalıdı?
Sabah və birigün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq həlledici oyunlar azaldıqca həyəcan daha da artdığı bir vaxtda növbəti mərhələlərdə hansı futbolçuların cəzalı duruma düşmək məsələsi də diqqət mərkəzindədi.
Məhz bu üzdən qarşıdakı iki gündə növbəti sarı vərəqə alacağı halda, hansı futbolçuların belə təhlükə ilə üz-üzə olduğunu müəyyənləşdirdik. Onların siyahısını təqdim edirik:
Manchester United – Chelsea: “Manchester United”də belə limit həddində olan futbolçu yoxdu. Amma “Chelsea”də Ramires, Fernando Torres, Con Obi Mikel və Yuri Jirkov cavab görüşündə sarı vərəqə görəcəyi halda, növbəti oyunda komandasına kömək edə bilməyəcək. Təbii ki, bu komanda yarımfinala vəsiqə qazana bilsə.
Shakhtar – Barcelona: Ukrayna klubu böyük bir sürprizə imza ataraq adını yarımfinala yazdırmağı bacarsa, həmin mərhələdəki ilk oyunda bir çox futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bunlar Luis Adriano, Alekesey Qay, Henrik Mxitaryan, Dmitri Çiqrinski, Dario Srna və Yaroslav Rakitskidi. Pep Qvardiolanın isə belə qorxusu yoxdu. “Barcelona” yarımfinala da istədiyi heyəti çıxarmaq imkanına malik olacaq.
Tottenham – Real: Mərhələ adlayacağı halda, “Tottenham”də cəzalı duruma düşə biləcək hansısa futbolçu yoxdu. Amma “Real”da bir çox oyunçu belə bir sıxıntı yaşamaqdadı. Məsələn, Rikardo Karvalyo, Serxio Ramos, Raul Albiol, Kristiano Ronaldo və Anxel Di Mariyanın yarımfinalın ilk matçında forma geyməmək təhlükəsi var.
Schalke – Inter: Səfərdə qazandığı 5:2 hesablı qələbə ilə böyük sürprizə imza atan “Schalke” yarımfinala adlasa, Xose Manuel Jurado və Klaas-Yan Huntelaarın xidmətidən yararlanmaya bilər. Son çempion “Inter”də isə sadəcə Tyaqo Motta onlar kimi ehtiyatlı olmağa çalışmalıdı. Baxmayaraq ki, komandasının növbəti mərhələ arzusu möcüzədən asılıdı.
