11 aprel 2011 17:52
Berti Foqts: Digər klubların da məşqlərinə baxacağam
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün "Neftçi"nin düşərgəsinə baş çəkdikdən sonra təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, o, flaqmanın məşqini izləməkdə əsas məqsədinin nədən ibarət olduğunu açıqlayıb və Premyer Liqa barədə proqnoz verib:
"Uzun fasilədən sonra Amit Quluzadənin, eləcə də Rail Məlikovun klubdakı məşqini izləmək istəyirdim. Təkcə "Neftçi" yox, digər klubların da düşərgələrinə baş çəkib, məşqlərinə baxacağam. Bu gün "Neftçi"nin futbolçuları yüngül məşq edirdilər. Hiss olunur ki, Premyer Liqanın birinci pilləsində qərarlaşdıqlarına görə oyunçular şaddırlar. Komanda mənim çox xoşuma gəldi. "Neftçi"nin heyətindəki bütün yerli futbolçuları tanıyıram, onların potensialına bələdəm. Ancaq ən əsası odu ki, futbolçular məşqdə yox, oyunda özlərini göstərsinlər.
Elə futbolçular var ki, məşq üzrə dünya çempionlarıdı, lakin hakimin start fiti çalınan kimi, həyəcandan tir-tir əsirlər. Ona görə də azərbaycanlı futbolçular oyunda nəyə qadir olduqlarını mənə göstərməlidirlər. "Neftçi"nin bu mövsüm çempion olmaq şansları çoxdu. "Neftçi"nin hazırkı durumunu Almaniyada Dortmund "Borussiya"sı ilə bənzədərdim. Bu komanda 5 xal fərqi ilə birinci pilləni tutur. "Borussiya" kimi, "Neftçi" də cavan komandadı. Özü də "Neftçi"nin oyununu bəyənirəm. Klub rəhbərliyi komandanın uğurlu çıxışı üçün hər bir şərait yaradıb, əlindən gələni edib. İndi hər şey oyunçulardan asılıdır. Onlar son turlarda var güclərini səfərbər edib, çempionatı qızıl medallarla başa vurmalıdırlar" – deyə, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib.
