12 aprel 2011 14:10
Azarkeşləri XL və Qarabağ`ı ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Gəncə” – “Muğan” matçında “Gəncə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Gəncə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində “Xəzər Lənkəran” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Diego Souza kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
