12 aprel 2011 18:12
Mirbağır İsayev: Uğurlarımızın sirri də məhz bundadı
“Abşeron”un baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına müsahibəsində Premyer Liqaya vəsiqə qazanmalarından, məğlubiyyətsiz seriyalarından və futbolçu seçimindən danışıb.
- Birinci divizionda mövsümün başa çatmasına hələ xeyli vaxt qalsa da, “Abşeron” Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi...
- Şadam ki, Premyer Liqaya vəsiqəni təmin edə bildik. Əlbəttə, qarşıda hələ 5 tur qalır. Hansı ki, həmin oyunlarda da qələbə qazanmalıyıq. İndi biz hələ birinci divizion oyunlarına köklənməliyik.
- Komandanız geridə qalan 21 turda məğlub olmayıb, iki oyunda heç-heçə etməklə qalan bütün görüşlərini qələbə ilə başa vurub...
- Biz hələ öncədən bütün oyunlarımızı qələbə ilə başa vurmağı planlaşdırmışdıq. Baxmayaraq ki, komanda Premyer Liqaya vəsiqəni təmin edib, biz yenə bu seriyamızı davam etdirmək istəyirik.
- Bununla yanaşı vurduğunuz 60 qolun qarşılığında cəmi 4 top buraxıb. Sizcə, bu, sırf rəqiblərinizin zəifliyindən irəli gəlmir ki?
- Belə düşünmürəm. Biz, sadəcə bütün rəqiblərimizə eyni gözlə baxırıq. Heç kimi zəif komanda kimi dəyərləndirmirik. Uğurlarımızın sirri də məhz bundadı. Elə bundan sonrakı oyunlarımıza da eyni ciddiliklə çıxacağıq.
- Bəs qarşıdakı oyunlarda ehtiyat heyətin oyunçularını sınamağa necə baxırsız?
- Əgər diqqət yetirsəz, görərsiz ki, heyətimiz onsuz da gənclərdən təşkil olunub. Biz hamıya oynamaq şansı yaradırıq. Martın sonunda “Energetik”lə oyun öncəsi 8 oyunçumuz müxtəlif yığma komandaların düşərgəsinə çağırılmışdı. Bu oyunu başqa tarixə də keçirə bilərdik. Lakin biz qərara aldıq ki, belə vəziyyətdə əvəzedici heyətin üzvlərinə də şans verək. Amma yoxluqlara rəğmən həmin oyunda da 4 cavabsız qolla qələbə qazandıq.
- Komandanı yayda gücləndirməklə bağlı planlarınız varmı?
- Bilirsiz, hələ bu haqda indidən düşünmək çox tezdi. Çempionat hələ başa çatmayıb. Heyətimizdə başqa komandalara məxsus olan bir sıra oyunçular çıxış edir ki, mövsümün sonunda onlarla anlaşmamızın müddəti başa çatmış olacaq. Lakin bütün bunlar haqda mövsüm başa çatandan sonra fikirləşəcəyik. Yeri gəlmişkən, “Neftçi” ilə “Qarabağ”a bizə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm.
- Yerli, yoxsa legioner futbolçulara üstünlük verəcəksiz?
- Əsasən yerli futbolçulara üstünlük verməyi düşünürük.
- Komandanın qarşısına hansı vəzifə qoyulacaq?
- Hələlik bu haqda düşünmək çox tezdi. Biz hələ birinci divizionda çıxış edirik. Nə vaxt Premyer Liqada çıxış edərik, onda ordakı vəzifələrimizdən də danışarıq.
- Türkiyəli Cüneyt Biçərin sizin postunuza gətiriləcəyi barədə yayılan xəbərləri necə qarşıladız?
- Mənim klubla müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Lakin hələlik baş məşqçi mənəm. Ümumiyyətlə, bu barədə suallara mən yox, rəhbərlik cavab versə, daha yaxşı olar. Mən sadəcə öz işimlə məşğulam.
