13 aprel 2011 13:11
Millimiz FİFA reytinqində yenə gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 7 pillə geriləyərək 288 xalla 107-ci mövqedə qərarlaşıb.
Bu göstərici isə ötən dövrlə müqayisədə 32 xal azdı. Komandamızın belə geriləməsinin Belçikaya məğlubiyyətlə bağlı olduğunu da vurğulayaq.
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupumuzun lideri Almaniya 1 pillə geriləyərək 1386 xalla 4-cü pillədə qərarlaşıb. Türkiyə isə irəliləyişə nail olub. Qardaş ölkə yığması 2 pillə irəliləyərək 795 xalla 30-cu yeri tutub. Millimiz üzərindəki qələbə belçikalılara düz 25 pillə irəliləmək imkanı yaradıb. Jorj Leekensin komandası hazırda 654 xalla 37-cidi.
Digər rəqiblərimiz isə millimiz kimi geriləyib. Avstriya 42 pillə geriləmək məcburiyyətində qalıb. Hazırda bu komandanın 443 xal var və 73-cü pillədə gedir. Qazaxıstan isə 8 pillə geriləyib. Bu komandanın hesabında isə 151 xal var və 140-cı pillədə qərarlaşıb.
Keçmiş SSRİ ölkələri arasında biz Rusiya (896 xalla 18-ci yer), Ukrayna (678, 35), Litva (577, 46), Belarus (557, 53), Gürcüstan (536, 56), Ermənistan (524, 62), Estoniya (440, 74), Latviya (438, 76), Özbəkistan (403, 83) və Moldovaya (394, 86) uduzuruq. Bu mənada millimiz sadəcə Tacikistanı (172, 134), Qazaxıstanı (151, 140), Türkmənistanı (153, 139) və Qırğızıstanı (87, 160) qabaqlaması ilə öyünə bilər.
İlk onluq isə aşağıdakı kimidi: 1. İspaniya (1857), 2. Hollandiya (1702), 3. Braziliya (1425), 4. Almaniya (1386), 5. Argentina (1276), 6. İngiltərə (1163), 7. Uruqvay (1094), 8. Portuqaliya (1052), 9. İtaliya, (1019), 10. Xorvatiyа (991).
Ötən ayın ən çox irəliləyişə nail olan komandaları İsrail və Belçikadı. Hansı ki, birdən-birə 25 pillə irəliləyiblər. Şimali İrlandiya isə ən pis göstəriciyə imza atan komanda olub.
Qeyd edək ki, növbəti reytinq cədvəli mayın 18-də açıqlanacaq.
