13 aprel 2011 13:37
Azərbaycan DÇ-nin püşkatmasında 5-ci səbətdə yer aldı
İyulun 30-da Braziliyada DÇ-2014-ün seçmə mərhələ oyunlarının püçkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq mundialın seçmə mərhələsinin Avropa zonası üzrə komandalarının hansı səbətlərdə yer alacağı müəyyənləşib.
Azərbaycan yığması 5-ci səbətdə yer alıb. Bu isə o deməkdi ki, Berti Foqtsun komandası (təbii ki, əgər almaniyalı mütəxəssis postunda qalsa) Avropanın daha zəif komandalarından bir addım öndə olacaq.
Səbətlərin tərkibi belədi:
1-ci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan.
2-ci səbət: Serbiya, Sloveniya, Rusiya, Fransa, Çernoqoriya, İsveçrə, Slovakiya, Danimarka, İsveç.
3-cü səbət: Türkiyə, Çexiya, İsrail, İrlandiya, Ukrayna, Belçika, Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan.
4-cü səbət: Litva, Albaniya, Macarıstan, Belarus, Gürcüstan, Ermənistan, Şimali İrlandiya, Şotlandiya, Polşa.
5-ci səbət: Avstriya, Estoniya, Latviya, Finlandiya, Makedoniya, Moldova, Kipr, Azərbaycan, Uels.
6-cı səbət: İslandiya, Lüksemburq, Farer adaları, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino.
Sonda onu da qeyd edək ki, səbətlərin tərkibinin kiçik dəyişikliyə məruz qalması da istisna olunmur. Belə ki, FİFA və UEFA Bosniya və Herseqovinaya qarşı sanksiyasını ləğv etməsə, Litva 3-cü, Avstriya 4-cü, İslandiya isə 5-ci səbətə keçə bilər. Lakin bu dəyişikliklər millimizin mövqeyinə heç bir təsir göstərməyəcək.
Komandalar 9 qrupa bölünəcək. Hər qrupda 6 komandanın yer alması gözlənilir. Yalnız bir qrupda 5 komanda yer ala bilər. Bosniyalılarla bağlı sanksiya qüvvədə qalsa, o halda belə qrupların sayı iki olacaq.
