13 aprel 2011 15:09
“Azərbaycanda 10 komandadan, 4 dövrədən ibarət əla çempionat keçirmək olar”
Bu gün “Qəbələ” futbol klubu millimizin müdafiəçisi Mahir Şükürovun transferini rəsmən təqdim etmək üçün mətbuat konfransı keçirdi. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən bölgə təmsilçisinin ingiltərəli baş məşqçisi Toni Adams jurnalistlərin bəzi suallarını da cavablandırdı.
- Şadam ki, Mahir kimi futbolçunun komandamıza keçidini həll edə bildik. Bu mövsüm bizim üçün tranzit, hazırlıq xarakteri daşıyır. Artıq növbəti mövsümün hazırlıqlarına başlamışıq. Heyətimizdə gücləndirmə işləri aparırıq. Mahir Azərbaycanın təcrübəli və ən yaxşı futbolçularından biridi. Onun peşəkarlığına şübhə etmirəm.
- Azərbaycanda keçirdiyiniz ilk mövsümü necə dəyərləndirərdiz? Hansı ki, ilk altılığa düşə bilmədiz...
- Bu mövsüm neçəni yeri tutmağımız mənim üçün elə də ciddi əhəmiyyət daşımır. İndiki mövsüm hazırlıq, yaxından tanışlıq xarakteri daşıyırdı. Mən artıq kimlərin komandadan gedəcəyini, kimləri gətirəcəyimi müəyyənləşdirmişəm. Növbəti mövsümün startına kimi biz elə komanda yaradacağıq ki, həm “Xəzər Lənkəran”ı, həm də “Neftçi”ni məğlub edə bilsin. Bax elə Mahir Şükürovu da buna görə sıralarımıza qatdıq. Belə futbolçularla istəyimizə çata bilərik. Biz transfer məsələlərini indidən həll edirik ki, sonra hazırlaşmaq üçün daha çox vaxtımız olsun.
- Şükürovun hansı keyfiyyətləri sizin daha çox xoşunuza gəldi?
- İlk növbədə təcrübəli olması. Onun Çernoqoriya və Belçika ilə oyunlardakı çıxışını izləmişdim. O, həm müdafiədə, həm də yarımmüdafiədə oynaya bilər. Amma mən mən onu müdafiənin sağında görürəm. Mənim üçün daha çox müdafiə vacibdi ki, qol buraxmayaq. Mahir ağıllı futbolçudu və hər oyunda onun məlum tapşırıqları olacaq.
- Daha kimləri heyətə qatmağı düşünürsüz?
- Mahir hələlik birincidi. Yeni oyunçular da olacaq.
- Mahir müdafiənin sağında oynayacaqsa, onda Milan Antiç komandadan gedəcək?
- Qarşıda hələ 6 tur var. Bütün oyunçulara da demişəm ki, hətta müqaviləniz qurtarsa da belə, siz göstərməlisiz ki, növbəti mövsümdə komandada qalmağa layiqsiz. Biz hətta 5 müdafiəçi ilə də oynaya bilərik. Artıq belə təcrübəmiz də var.
- Sizə, əvəzedici heyətin 4-5 üzvünü oynatmağa nə mane olur? Axı istənilən halda bu mövsüm sizin üçün heç bir əhəmiyyət daşımır.
- Biz hərdən əvəzedici heyətin oyunçularını da meydana buraxırıq. Çünki orda da yaxşı oyunçularımız var. Lakin mən onların hamısını eyni vaxtda meydana buraxa bilmərəm. Onlar hələ belə oyunlara hazır deyillər. Mən əvəzedici komandamızın da bütün oyunlarını izləyirəm. Onlarla bağlı tələsik addım atmaq istəmirəm. Məsələn, 17 yaşlı forvardımız var ki, mənim çox xoşuma gəlir. Lakin görürəm ki, fiziki cəhətdən çempionatın oyunlarında çatdıra bilməz.
- İkinci altılıqda çıxış etmək sizin üçün necədi?
- Mən buna elə də ciddi fikir vermirəm. Mən hazırda yaxşı komanda yaratmaq üzərində işləyirəm. İkinci altılıqda oynamaq heç də yaxşı deyil. O mənada ki, heç bir intriqa yoxdu. AFFA və PFL-in işinə qarışmaq istəmirəm. Amma Azərbaycanda 10 yaxşı komanda var ki, 4 dövrədən ibarət şotland sistemi ilə əla çempionat keçirmək olar.
- Komandanızın növbəti mövsüm üçün büdcəsi necə olacaq?
- Bizim büdcəmiz Premyer Liqada ən yaxşılardan biri olacaq. Həmin pulla biz istədiyimiz uğuru qazana biləcəyik.
