13 aprel 2011 16:00
Mahir Şükürov: Qəbələ`yə keçidimi geriyə addım hesab etmirəm
Bu gün millimizin müdafiəçisi Mahir Şükürov “Qəbələ”yə keçidi münasibətilə təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb, jurnalislərin suallarını cavablandırıb. Azerisport.az sizi onun həmin açıqlamaları ilə tanış edir:
- Dünən klub rəhbərliyi ilə söhbət etdik. Sağ olsunlar ki, mənim üçün belə şərait yaratdılar. Toni Adamsın özü mənimlə birgə çalışmaq istədiyini dedi ki, mən də buna razılıq verdim. Hazırda “Qəbələ” inkişaf mərhələsindədi və mən də prosesdə iştirak etmək istəyirəm. Onlar mənimlə hələ Belçika ilə oyuna kimi maraqlanırdılar. Adams çoxdan məni komandasında görmək istəyirdi. Lakin “Anji” ilə müqaviləm olduğuna görə, mənə rəsmi təklif irəli sürmürdülər. Bilirdilər ki, Mahaçqala klubunu tərk etməyəcəm. Artıq sabahdan “Qəbələ”də məşqlərə başlayacağam.
- Szi xeyli vaxt idi “Neftçi”nin düşərgəsində məşq edirdiz. O komandaya keçidiniz niyə alınmadı ki?
- Çox sağ olsunlar ki, mənim üçün elə şərait yaratdılar. Mən orda sadəcə formada qalmaq üçün məşq edirdim. Heç bir transfer danışığımız olmadı.
- Hesab etmirsiz ki, “Qəbələ”yə keçməkdə tələsdiniz? Bəlkə, daha münasib təkliflər ala bilərdiz...
- Əgər Toni Adams kimi məşqçi mənə bu dərəcədə inamını ifadə edirsə, onda bu təklifdən imtina etmək günah olardı. Bu qərarıma görə qətiyyən təəssüflənmirəm.
- Hesab etmirsiz ki, Azərbaycana qayıtmaqla geriyə addım atmış oldunuz?
- Xeyr, belə düşünmürəm. Bu, mənim karyeramda yeni səhifədi. Mən hətta “Qəbələ” kimi komandaya keçidimi irəliyə addım kimi dəyərləndirirəm.
- Sizə başqa klublardan təkliflər var idimi?
- "Qəbələ" ilə danışıqlara başlayana kimi, mənim "Volqa"ya keçmək şansım da var idi. Hansı ki, hazırda məni "Anji"yə aparan Omari Tetradze orda baş məşqidi. Özü də o vaxt transfer pəncərəsi açıq idi. Lakin Mahaçqala klubu mənim ora getməyimə imkan vermədi.
- “Anji”də ailənizdən kənarda qalmağınızın çətin olduğunu deyirdiniz. Amma elə Qəbələ də paytaxtdan uzaqdadı.
- Fikrimcə, burda vəziyyət daha yaxşıdı, nəinki Mahaçqalada. Bu dəfə mən özüm paytaxtdan kənarda oynamaq istədim. Orda sakitlikdi.
- Yeni klubunuzda kimi daha yaxşı tanıyırsız?
- Saşa Yunisoğlunu yığmadan yaxşı tanıyıram. Bütün futbolçulardan daha çox o mənə yaxındı.
