13 aprel 2011 11:39
Rauf Mehdiyev: Hakimlər nə lazım idisə, onu etdilər
“Neftçi”nin qapıçısı Rauf Mehdiyev azerisport.az saytına müsahibəsində “İnter”lə oyundan, təyin olunan penaltidən danışıb.
- “İnter”lə oyunu necə qiymətləndirirsiz?
- Biz bilirdik ki, çətin oyun olacaq. Mətbuatda bizim asan qələbə qazanacağımızı yazsalar da, göründü ki, əslində belə deyil. Oyun başlayan kimi qol buraxdıq. Ancaq komanda həvəsdən düşmədi və sona kimi oynayıb sonda cavab qolunu vura bildik.
- “Neftçi” niyə belə əmin görünmürdü?
- Biz erkən qolu gözləmirdik. “İnter” pressinq etməklə başladı və istəyinə çatdı. Ancaq bu, futboldu. Oyun 90 dəqiqə olur. Hamı gördü ki, biz son dəqiqələrə kimi hücum etdik. “İnter”in isə hansısa xüsusi qol vəziyyəti olmadı. Şadam ki, sonda uduzmadıq.
- Deməli, siz yenə qol buraxsaz, komanda bu qədər çətinliklərlə üzləşəcək?
- Elə də olur ki, ilk qolu biz vururuq və hesabı sonadək qoruyuruq. Hərdən isə əksinə - qoruya bilmirik. Ümumiyyətlə, erkən qollar çox böyük üstünlük gətirir. Lakin hər şey komandadan asılıdı. “İnter”lə oyunda erkən qol buraxsaq da, sınmadıq. Sonda məğlubiyyətdən qaça bildik.
- Sizcə, cavab qolunda həqiqətən penalti var idi?
- Həmin epizoda qədər də hakim rəqibin qapısına penalti təyin etməli idi. Ancaq siz dediyiniz həmin anı mən dəqiqliklə görməmişəm. Mən sonra uşaqlardan öyrəndim ki, orda əllə oyun var imiş.
- Ümumiyyətlə, bu oyundakı hakimliyi necə qiymətləndirirsiz?
- Fikrimcə, Əfqan Həmzəyevin rəhbərlik etdiyi hakimlər briqadası bu oyunu normal idarə etdi. Nə lazım idisə, onu da etdilər.
- Sizcə, artıq çempionluğun taleyi tam həll olunub?
- Qarşıda hələ 6 tur var. Hər şey ola bilər. Artıq bəzi həmkarlarınız “Neftçi”nin çempionluğunu elan edir. Lakin mən hadisələri qabaqlamaq istəmirəm.
- “Neftçi” və “Qarabağ” istisna olmaqla, ilk altılıqdakı digər komandaları həm də kubok oyunları gözləyir. Bu amil sizin çempionluq yolunda nə dərəcədə işinizə yaraya bilər?
- Bilirsiz, kubokun yarımfinalında hər bir komanda komplektləşmiş heyətlə oynayacaq. Amma bizim üçün ilk növbədə öz oyunumuz maraqlıdı. Rəqiblərimizin problemləri bizi maraqlandırmır. Biz öz oyunlarımıza hazır olmağa çalışacağıq. Növbəti oyunumuzda da meydana ancaq qələbə üçün çıxacağıq. Nəticənin necə olacağını isə öncədən heç kim deyə bilməz.
- Yəqin ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azarkeşlə dalaşmasından xəbərdarsız. Bu olaya münasibətiniz necədi?
- Ağdamlılar bizimlə matçda normal futbol sərgilədilər. Sadəcə onların oyunu tam alınmadı. Belə hallar olur. Bu gün yaxşı oynayırsan, sabah isə əksinə. Hər bir azarkeş bunu başa düşməlidi. Görünür, Qurbanova elə ittiham irəli sürən şəxs azarkeş deyilmiş. O, baş məşqçiyə elə söz deməməliydi.
