13 aprel 2011 00:08
“Jurnalistlərdən və Əsədovdan üzr istəyirəm”
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze “Neftçi” ilə qarşılaşma, qəribə hakimlik və “Xəzər-Lənkəran”la qarşıdakı oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, müsahibəsində aşağıdakı məqamları vurğulayıb:
“Nəticələr planında son zamanlar komandamız kifayət qədər uğursuz çıxış edir. Ancaq, səmimi desəm, oyun planında böyük müvəffəqiyyətsizliyimiz yoxdu. Tez-tez fərdi səhvlər yaranır ki, onlardan da əziyyət çəkirik və qol buraxırıq. Bundan başqa, qol vəziyyətlərinin yerinə yetirilməsində böyük problemlərimiz yaranır. “Neftçi” ilə matçda biz oyunu yaxşı təşkil etmişdik və qoldan sonra uğurla təşəbbüsü verib, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Bundan başqa, qarşılaşmanın lap əvvəlində biz onları pressinqlə təəccübləndirdik ki, bu da özünün nəticələrini verdi. Biz oyun tərzini bir qədər dəyişdirdik və çempionat liderinin hadisələrin belə inkişafına hazır olmadığı müşahidə edildi. Bizim komanda “Neftçi”nin müdafiəçilərinin arxasından ötürülən uzun ötürmələrdən fəal istifadə etdi. Belə vəziyyətdən qol vurmağı və bir neçə təhlükəli vəziyyət yaratmağı bacardıq”.
Sxadadze hakimlikdən narazılığını xüsusi vurğulayıb: “Məni narahat edən yeganə məsələ hakimlik oldu. Bunu mən oyundan sonra klubun sahibinə dedim. Burada məsələ heç də qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsində deyil. Hakim sadəcə bizə oynamağa imkan vermədi! Daimi səslənən fitlər oyunu tormozladı və tempi öldürdü. Düşünürəm ki, bundan keyfiyyətli və maraqlı oyun gözləyən tamaşaçı da zərər çəkdi. Bunun əvəzindəsə saysız-hesabsız lazımsız fitlər aldı. Hakim tamamilə özbaşınalıq yaratdı. Onun hakimliyi, xüsusilə də ikinci hissədə, hər hansı bir tənqiddən aşağıdı. Onu deyə bilərəm ki, hakim səhvlərilə ilk dəfə qarşılaşmırıq. Bir daha əlavə etmək istəyirəm ki, əgər insan törətdiyi xətalara görə məsuliyyət daşımayacaqsa, o zaman onları gələcəkdə də mütləq təkrarlayacaq”.
“Bankirlər”in baş məşqçisi oyundan sonra mətbuat konfransında qatılmadığı üçün hər kəsdən üzr istəməyi də unutmayıb: “Oyunsonrası mətbuat konfrasına gəlməməklə mən hakimliyə qarşı etirazımı bildirdim. Məni gözləyən Arif Əsədovdan və jurnalistlərdən üzr istəyirəm. Mənim addımımı heç bir halda onlara qarşı hörmətsizlik kimi təfsir edilə bilməz. Fürsətdən istifadə edərək “Neftçi”nin baş məşqçisinə, bütün komandaya və yerli futbolu işıqlandıran bütün jurnalistlərə böyük hörmətimi bildirmək istəyirəm. İki gün Bakıda olmamışam və buna görə üzrxarlığımız yalnız indi bildirirəm”.
Sxadadze sonda qarşıdan gələn “Xəzər Lənkəran”la oyun öncəsi də fikirlərini açıqlayıb: “Təəssüf ki, biz təbii ot örtüyündə məşqlərə keçə bilmədik. Ona görə ki, “Zabrat” stadionundakı qazon lazımi səviyyədə deyil. Buna görə də “Şəfa” stadionunda hazırlaşağacaq ki, bu da Lənkəranda baş tutacaq qarşılaşmanın başlanğıcında hansısa diskomfort yara bilər. Rəqibə böyük hörmətlə yanaşıram. “Xəzər Lənkəran” güclü futbolçulara və böyük potensiala malik komandadı. Biz artıq qarşıdakı matçlara hazırlaşmağa başlamışıq və gün ərzində iki dəfə məşq edirik. Qarşılaşma çox mürəkkəb olacağını vəd edir, lakin mən zəmanət verirəm ki, komanda “Neftçi” ilə oyunda olduğu kimi, fədakarlıqla mübarizə aparacaq. Yeganə istədiyim məsələ odur ki, baş hakim işinin öhdəsindən gələ bilsin və komandalara yaxşı oyun nümayiş etdirməyə imkan versin. Yeri gəlmişkən, bununla bağlı “Neftçi” ilə oyun ərəfəsində də demişdim”.
