14 aprel 2011 01:06
Ramin Musayevdən yerli futbolçulara tənqid, Berti Foqtsa dəstək
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytının bir sıra suallarını cavablayıb. Onunla müsahibəni sizə təqdim edirik.
- Çempionatın başa çatmasına 6 tur qalıb. Çempionatın gedişini necə dəyərləndirərdiz?
- Maraqlı mövsüm izləməkdəyik. Klublar arasında intriqa var. Bunu həm çempionluq və medallar, həm də elitada qalmaq uğrunda mübarizə aparan komandalar aid etmək olar.
- Ötən mövsüm hər şeyə son turda aydınlıq gəlmişdi...
- Gəlin hadisələri qabaqlamayaq. Son tura qədər gözləyək. Əminəm ki, bizi qarşıda hələ maraqlı oyunlar gözləyir.
- Çoxları artıq “Neftçi”nin çempionluğunu qəbul edib...
- Onlar tələsirlər. Çempionatın sonuna hələ 6 tur qalır. Bu, 18 xal deməkdi. Həm “Neftçi”nin, həm də onun rəqiblərinin qarşıda gərgin oyunları olacaq. Eyni zamanda heç kim zəmanət verə bilməz ki, bakılılar qalan bütün oyunlarda qələbə qazana biləcək. “Xəzər Lənkəran”a, “Qarabağ”a, “Bakı”ya da diqqət yetirmək lazımdı.
- Siz AZAL-ın da çempionluğa şanslı olduğunu düşünürsüz?
- Onların çox güclü heyəti var. Bu komanda heç kimə asanlıqla xal vermir. Birmənalı şəkildə AZAL da “İnter” kimi çempionluq mübarizəsini davam etdirir. Çempion bir qədər uğursuz çıxış etsə də, artıq özünə gəlib və ilk üçlüyə qayıtmağa çalışacaq.
- Siz “Xəzər Lənkəran”ı qeyd etmədiz. Hansı ki, final mərhələsində hələ qələbə qazana bilməyib...
- Futbolda hərdən elə də olur ki, oyunun alınmır. XL son oyunlarda qələbə qazana bilməsə də, onların oyunu şəxsən mənim çox xoşuma gəlir. Oyunçuları çox çalışır. Sadəcə, onların bəxti gətirmir.
- Siz birinci altılıqdan “Bakı”nı da vurğulamadınız. Bu, onların çempionluq şansını itirməsindən irəli gəlir?
- Əvəzində onlar kubokda çıxışlarını davam etdirirlər. Hansı ki, finaldan onları cəmi bir mərhələ ayırır.
- Son dövrlərə kimi hər kəs “Qarabağ”ın çempion olacağını düşünsə də, son turlardakı xal itkisi onların şanslarını aşağı saldı...
- Qurban Qurbanov bu komandanı çempion edə bilər. Onların heyətində Əfran İsmayılov, Rauf Əliyev kimi gənc futbolçuların çıxışını xüsusi vurğulamaq istərdim. Bütün bunlar Qurbanovun sayəsindədi. O, “Qarabağ”ı ən güclü klublarımızdan birincə çevirib, hansı ki, bunu başqa məşqçimiz edə bilməzdi. Hazırkı duruma gəlincə, mən daha çox qış transferlərini vurğulamaq istərdim. XL nə qədər transfer etdi? “Qarabağ” isə cəmi 2 oyunçu aldı. Bir forvardla nə etmək olar?
- Yeri gəlmişkən, Qurbanovun yaxınlarda XL fanatı ilə münaqişəsinə sizin də münasibətinizi bilmək istərdik...
- Fikrimcə, klubun təhlükəsizlik xidməti olmalıdı. Belə olan halda məşqçilər, futbolçular, fanatlar arasında heç bir münaqişə ola bilməz. Mən həmin azarkeşi tanıyıram. O, mənimlə görüşdə və bildirdi i, Qurbanov onu vurmayıb.
- Bu mövsüm xarici çempionatlarda top qovan 3 futbolçumuz geri qayıtdı. Vaqif Cavadov, Rəşad Sadıqov və Mahir Şükürovun yenidən ölkəmizə dönüşünü necə qiymətləndirərdiz?
- Mən gizlətmirəm ki, futbolçularımızın xarici klublara keçidinin tərəfdarıyam. Birincisi, bu, yığmamızın xeyrinədi. İkincisi isə, onların əvəzində Azərbaycan çempionatında yeni, gənc futbolçularımıza yol açılmış olacaq.
- Buna görə legioner limitini dəyişmək yerinə düşməzmi?
- Niyə ki? 8+3 sistemi həm çempionata, həm də klublara xeyir verir. Yadınızdadımı, bir neçə il öncə legioner limitini aşağı salmışdıq. Onda nə oldu? Mən məşqçiləri başa düşürəm. Onlardan nəticə tələb olunur. Əgər yerli futbolçular zəifdirsə, onda onlar əcnəbi futbolçu almağa borcludular.
- Axı bütün bunların zərbəsi yığmamıza dəyir...
- Burda heç də vacib olmayan bir məqam var. Bilirsizmi, yerli futbolçular bu aylarda nə qədər məşq edirlər? Gündə bir dəfə, maksimum 45 dəqiqə. Amma siz məsələn, Mpenzaya baxın. O, gündə bir neçə dəfə məşq edir, öz üzərində çalışır. Ardından da komandayla məşq edir. Heç bir yerli futbolçu o qədər məşq etmir. Sonra da biz Foqtsdan nəticə tələb edirik.
