14 aprel 2011 15:10
Əsgər Abdullayev: Bu isə narahat edən bir məqamdı
“Bakı” və AZAL-ın sabiq baş məşqçisi olan Əsgər Abdullayev bir sıra maraqlı açıqlamalar verib. Azerisport.az onun uşaq futbolu, eləcə də milli komandamız və digər məsələlərlə bağlı fikirlərini diqqətinizə çatdırır:
Uşaq futbolu
“Futbolda kiçik və ya böyük problem olmur. Futbol zəncirvari inkişaf edən elmdi. Futbolda çalışan hər bir adam bir hissədi. Nail Əliyevin bir gözəl sözü var. Deyir: “Bir yer ağrayırsa, o müalicə olunmalıdır, müalicə olunmursa, kəsilib atılmalıdı. Yoxsa o digər üzvləri də sıradan çıxaracaq”. Futbolda da bu cürdü. Yaxşı meyançalar olmayınca, kütləvi şəkildə ona maraq yaranmadıqca, futbolçu məsuliyyət hiss etmədikcə, futbol inkişaf etməyəcək.
Belə bir məsəl var: sən futbola on ilini həsr et, futbol sənə ömrünün axırına qədər xidmət edəcək. Futbol zəhmətsevən peşədi. Onda xoş mənada həmişə idman paxıllığı olmalıdı. Rəhmətlik Ruslan Abdullayev deyirdi ki, futbolçu hər gün pasportunu göstərməlidi. Həmişə formada olmaq, hazır olmaq lazımdı. Yalnız güclülər sona qədər davam gətirir.
Böyük usta, rəhmətlik Sergey Kramarenko öz əvəzləyicisi Şeyxova həmişə deyərdi: “Mən topları birəlli tutanda ona göstərirdim ki, qoy hələ görsün ki məndən zəifdi, çalışmalıdı”. Bu idman paxıllığı həmişə olmalıdı. Futbolçu məşqdə məşqçiyə göstərməlidi ki, mənə bax, mən güclüyəm.
Bu gün Azərbaycanda bir neçə klubun uşaq futbolu ilə bağlı həyata keçirdiyi layihələri ciddi qiymətləndirirəm.
Bu sırada keçmiş komandam “Bakı”nın da olması məni sevindirir. Bununla bərabər bu sahədə müəyyən problemlər qalmaqdadı. Rəhbərlik tərəfindən hər cür şərait yaradılsa da, uşaq və yeniyetmələrin seçimi və onlara keçilən məşqin kifayət etmədiyi fikrindəyəm. Həftədə 5-6 məşq çox azdı. Futbolçu gecə-gündüz məşq etməlidi. Ustalığını artırmaq üçün, topa “sən” demək üçün uşaqları küçə futbolundan cəlb eləmək lazımdı.
İsgəndər Cavadov, Maşallah Əhmədov, Vaqif Sadıqov, Şakir Qəribov, Əbdülqəni Nurməmmədov, Novruz Məmmədov, Qəhrəman Əliyev və onlar kimi bir çox veteran futbolçu küçə futbolunda yetişiblər. Əksər klublarda yerli futbolçular nəzərə çarpmır, yeni adlar çox azdır. Bu isə narahat edən bir məqamdı”.
“Bakı”
“Bakı” ilə Azərbaycan kubokunu qazanmışam. Növbəti mövsümün sonunda klubdan ayrılsam da, komanda ölkə çempionu olmuşdu. Bu uğurlarda hamının payı vardı. Xüsusən də, dövrdə komandanın vitse-prezidenti olan Nail Əliyevin. O futbolla yaşayan, özünə hörmət edən adamdı. Çox tələbkardı. Bura gələn futbolçu dərk edirdi ki, onlar hara gəlib və onlardan tələb olunan nədi. Rusların bir sözü var: Monastıra öz qanunu ilə gəlmirlər, oranın qanunu ilə yaşayırlar. O vaxt futbolçuları bu prinsiplə götürürdülər.
O dövrdə olan komanda çox döyüşkən idi. Həmin vaxt hansısa komanda bizimlə oynayanda rahat oyuna çıxmırdı. İndi komandada istək yoxdu. Bugünkü heyətdə “generallar” çoxdur, “əsgərlər” az. Məsuliyyətsizlik müşahidə edirik. Klubun prezidenti Hafiz Məmmədov futbolçular üçün yüksək səviyyədə hər cür şərait yaradıb”.
Məşqçi uğurunun sirri
“Məşqçi - müəyyən texniki və taktiki tapşırıqları yerinə yetirən adama deyirlər. Onu 1 həftəyə ürəyin istəyən adama başa salmaq olar. İndiki dövrdə, internetdə hər şey var. Şablonları tap, vəssalam. Məşqçi - futbolçuları ələ almağı bacaran, onlara məsuliyyət hissi aşılayan böyük qardaşdır, psixoloqdu.
Üç cür hücum var: tədricən hücüm, sürətli hücüm (əks-hücum), standart vəziyyətlərdən hücum. Mən ikinciyə üstünlük verirəm. Taktikanı rəqibin oyunu və oyunçularına görə qururam. Müdafiə mənim üçün baş preoritetdi. Ulu dədəmiz Qorqud da igidlərə deyirdi: “Torpağı qorumursansa, becərməyə dəyməz, becərmirsənsə, qorumağa dəyməz”.
Məni tez-tez ittiham edirlər ki, Əsgər müdafiə futbolu oynadır. Mən bu iddia ilə razılaşmıram. Qolu kim vurur? Onlar öz qapılarına vurmur ki, biz vururuq. Müdafiə tək müdafiəçilər hesabına yox, komanda şəklində təşkil edilir. Bu taktika müasir futbolda nəticə verir. Mənim məşqçi uğurumun sirri budu.
Emosiyalarımı büruzə verməyi xoşlamıram. Məşqçi təbiətcə sakit olmalı, hadisələrin axarına təmkinlə reaksiya verməlidi. Acıq vermək yaxşı əlamət deyil. Futbolun onurğası yarımmüdafiədir. Yaxşı dayaq yarımmüdafiəçi komandanın yarısıdır. Meydanda hərə öz işini görməlidi”.
Milli komanda
“Millidə baş məşqçi işləmək mənim üçün bir şərəf idi. İtaliyada çempionat deyildiyi vaxtdan bir həftə gec başladığı üçün Trappatoni aləmi bir-birinə qatmışdı. Həmin vaxt, Azərbaycanda 9 ay idi ki, çempionat keçirilmirdi. Serbiya və Çernoqoriya ilə rəsmi oyuna 13 nəfərlə getmişdik. Milli ən yaxşı oyunlarından birini orada oynadı. Rəqib meydanında əldə edilən 2:2-lik nəticə komandada ruh yüksəkliyi yaratdı.
Bakıda inanılmaz qələbə qazandıq. Cavab oyundan əvvəl Zaur Tağızadə və Fərrux İsmayılovla fərdi söhbət etdim. Tağızadəyə dedim: sən 20 dəqiqə oynayacaqsan, amma oyunun ən yaxşısı olacaqsan. Onu buna inandırmaq üçün xeyli danışdım. Dedim: Zaur onlar bura qələbə qazanmağa gəlib. İstər-istəməz birinci hissədə bizi yoracaqlar. İkinci hissədə isə müdafiədən oynayacaqlar. Qol vura bilməyəndə isə tamamilə hücuma keçəcəklər. Bu vaxt bizə sən lazımsan. Sürətli əks hücumlarda bizim silahımız sənsən. Sən qol vuracaqsan.
Danışa-danışa Zaurun göz bəbəklərinin böyüdüyünü gördüm. O mənə inandı. Oyunda qol vurdu. Biz 2:1 qalib gəldik. Oyundan sonra Zaur mənə: “hardan bilirdiniz qol vuracağam” – dedi. Bu həmin dövr üçün möhtəşəm qələbə idi. Futbolçuların gözləri işıldayırdı”.
Mənbə: “Toplu Bakı”
