14 aprel 2011 16:14
Maksim Medvedev: Mahirin yoxluğu mənim xeyrimədi
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan və bir sıra başqa məqamlardan danışıb.
- “Bakı” ilə oyuna hazırlıqlarınız necə gedir?
- Hazırlıqlarımız yaxşı gedir. Bu oyunda biz 3 xal qazanmalıyıq və bunun üçün əlimizdən gələni etməliyik. Bilirik ki, “Bakı” indi yaxşı günlərini yaşamır. Onlar da son üç oyunda cəmi 1 xal toplaya bilib. Onlar da 3 xal toplamağa çalışacaqlar. Lakin hazırda liderlər qrupundan kənar qalmamaq, avrokuboklara düşmək üçün bizə bu oyunda 3 xal qazanmaq çox vacibdi.
- Sizcə, onların “Qarabağ”la oyuna hansısa motivasiyası olacaq?
- Fikrimcə, bizimlə oyuna qələbə üçün çıxacaqlar. Mümkündü ki, onlar daha çox kubok oyununa köklənsinlər. Ancaq bizimlə oyuna da uduzmaq üçün çıxmayacaqlar və sona kimi döyüşəcəkləri şübhəsizdi.
- Onların heyətində bir müdafiəçi kimi sizin üçün ən təhlükəli futbolçu kimdi?
- Onların heyətində bizim müdafiəmiz üçün təhlükəli olan oyunçuların sayı çoxdu. Məsələn, Jabanı götürək. Və ya Leonardo Roşa olsun. O, çox texnikalıdı, ola bilər ki, bizim üçün çox başağrı yaratsın. Həmçinin Aleksandr Şoliçlə Vaqif Cavadov da qol vəziyyəti yaradıb, bundan yararlanmağı bacaran futbolçulardı. Bizim üçün başlıcası onlara oynamaq imkanı verməməkdi.
- “Xəzər Lənkəran”la oyunda qələbə qazanmağınıza nə mane oldu?
- XL-la oyunda qələbəmizə nəyin mane olduğunu dəqiq deyə bilmərəm. Bərabər səviyyəli oyun keçdi. Sadəcə hər iki komanda öz şanslarından yararlana bilmədi. Ümumiyyətlə, XL yaxşı komandadı, əla heyəti var. Onlar bizimlə oyuna xüsusi hazırlaşnışdılar. Hər epizodda maksimum diqqətli olmağa çalışırdılar. Bizim topla yaxşı oynadığımızı bildikləri üçün meydanın hər zonasını bağlamağa çalışırdılar. Buna görə də bizim qol vurmağımız alınmadı. Ona görə də, sonda tərəflər hərəyə bir xalla kifayətləndi.
- Parksın zərbəsi zamanı qapıçınız Boyan Pavloviç topu qapı xəttindən içəridə ram etmişdi, yoxsa bayırda?
- Mən həmin epizoda yaxın idim. Parksın zərbəsindən sonra Pavloviç topa toxunsa da, elə bildim qapıya getdi. Lakin top qapı çatına dəyərək geri qayıtdı. Məncə, qapıçı topu qapı xətti üzərində itirmədi. O, topun qapı xəttini keçməsinə sona kimi imkan vermədi.
- Artıq əvvəlki formanızı tam bərpa edə bilmisiz?
- Xeyr. Hələ tam hazır deyiləm. Mənim əvvəlki formamı tam bərpa etməyim üçün hələ zaman ehtiyacım var. Oyun təcrübəsi də lazımdı. Bunun üçün də mümkün qədər çox oynamaq lazımdı. Fikrimcə, yaxın turlarda artıq 100 faiz formamı bərpa edə və komandama kömək edə biləcəm. İndi bir qədər ağırdı. Matçın sonlarında ağrılar hiss edirəm. Amma bu mərhələni arxada qoymağa borcluyam.
- Qurban Qurbanovla bağlı yaranan münaqişə komandaya necə təsir etdi?
- Komandaya bunun heç bir təsiri yoxdu. Sadəcə o hadisə orda olmalı deyildi. Çünki azarkeşin bizim paltardəyişmə otağının qarşısına gəlməsinə imkan verilməməlidi.
- Yığmadakı mövqeyinizi geri qaytarmaq barədə nə düşünürsüz?
- Ola bilər ki, qarşıdakı müddət ərzində mən tam formamı bərpa edə bildim və yığmanın əsas heyətinə də qayıtdım. Mənim belə şansım var. Sırf mənin mövqeyimdə oynayan Mahir Şükürovun müvəqqəti millidən kənarlaşmasından sonra mənim üçün əla şans yaranıb. Amma həmin mövqedə Rail Məlikov da oynayır.
