14 aprel 2011 18:46
Roman Abramoviç Hiddinkə rəsmi təklif göndərdi
“Chelsea”nin sahibi Roman Abramoviç Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddinkə rəsmi təklif göndərib. Azerisport.az xəbər verir ki, “zadəganlar”ın prezidenti vaxtilə komandasının çalışdırmış hollandiyalı mütəxxəssisə bu dəfə baş məşqçi yox, idman direktoru vəzifəsini təklif edib.
Buna isə sözügedən klubun hazırkı idman direktoru Frank Arnesenin mövsümün sonunda ayrılaraq Almaniyanın “Hamburg” klubuna getməyə hazırlaşması səbəb olub. Rus iş adamı artıq Hiddinki razı salmaq üçün fəaliyyətə keçib. O, hollandiyalı mütəxəssisin 2009-cu ildə təxminən 3 ay müddətində baş məşqçi kimi çalışdığı “Chelsea”də həm tərəfdarların, həm də futbolçuların böyük sevgisini qazanmasının növbəti iş birliyində də faydalı olacağını düşünür.
Lakin hazırda millimizin rəqibi olan Türkiyə millisinin sükanı arxasındakı fəaliyyətini davam etdirən Hiddink TFF ilə 2012-ci ilə qədər müqaviləsi var və o, hələ Abramoviçin bu təklifini cavablandırmağa tələsmir.
