16 aprel 2011 12:21
Ruslardan Rəşad Sadıqovun fikirlərinə yanlış yanaşma
Rusiyanın Regnum İnformasiya Agentliyi millimizin kapitanı Rəşad Sadıqovun saytımıza müsahibəsinə kifayət qədər qəribə münasibət göstərib. Azerisport.az xəbər verir ki, şimal qonşularımız daha çox Sadıqovun erməni komandaları ilə görüşlərlə bağlı fikirlərinə yönəldilib. Onların yanlış yerə tutduğu irada görə, guya millimizin və “Qarabağ”ın müdafiəçisi Azərbaycan və Ermənistanın milli komandalar çərçivəsində heç bir vaxt AÇ və DÇ-nin seçmə mərhələlərində üz-üzə gəlməməsindən xəbərsizdi.
Lakin qeyd etmək istəyirik ki, Sadıqov müsahibəsində heç də əsas milli komandaların görüşlərindən söhbət açmamışdı: “...Ermənilərlə üz-üzə gəldiyimiz bütün qarşılaşmalarda qələbə qazanan biz olmuşuq”.
Bu mənada Rəşadın hansı görüşləri nəzərdə tutduğunu da xatırlamaq istərdik. Məsələ burasındadı ki, aşağı yaş qruplarından ibarət yığmalarımız iki dəfə erməni həmyaşıdları üzərində qələbə qazanıb. Bundan əlavə “Neftçi” və “İnter” də klub yarışları çərçivəsində Ermənistanın “Pünik” və “Mika” klublarını biabır edib.
