16 aprel 2011 12:43
İspaniyalı jurnalistlərdən Mourinyoya etiraz aksiyası
İspaniya La Liqasında “Real” və “Barcelona” arasında baş tutacaq bu günkü “El Clasico” ərəfəsində gərginlik ən yüksək həddə çatıb. Azerisport.az xəbər verir ki, Madrid klubunun çalışdırıcısı Joze Mourinyo davranışları ilə yerli jurnalistlərin ona qarşı etiraz aksiyası təşkil etməsinə gətirib çıxarıb.
Bu oyun ərəfəsində dünən təşkil olunan ənənəvi mətbuat konfransına qatılan portuqaliyalı mütəxəssis jurnalistlərə heç bir açıqlama verməmək qərarına gəlib. Nə açıqlama verən, nə də jurnalistlərin suallarını cavablandıran Mourinyonun bu addımının qarşılığında ispan həmkarlarımız da mətbuat konfransının keçirildiyi otağı tərk etməklə, onun bu hərəkətinə etirazlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Mourinyo bu addımını cari mövsümün gedişində “Athletic”lə oyundan əvvəl və sonra keçirilən mətbuat konfransında da etmişdi. Bu dəfə də eyni üsula əl atan Jozenin əsas köməkçisi Karanka isə salonu tərk etməyən azsaylı jurnalistlərə açıqlamasında baş məşqçinin bu addımını belə şərh edib: “Baş məşqçimizin hər açıqlaması müxtəlif formalarda yozulur. Sonra da Mourinyo ortalığı qarışdırdı deyirlər. Səsinin tonunu qaldıran biz deyilik. Azarkeşlərimizin istədiyi baş məşqçimizin danışması yox, komandalarının qələbə qazanmasıdı”.
